“Bununla Qarabağa elm, təhsil və mədəniyyət də qayıdacaq” - DEPUTAT DANIŞDI

12 İyul 2024 16:39 (UTC+04:00)

“2024-2025-ci tədris ilində ölkəmizin həyatında olacaq ən böyük hadisə şübhəsiz ki, Qarabağ Universitetinin fəaliyyətə başlamasıdır. Universitetin bir neçə ixtisas üzrə fəaliyyət göstərməsi, ən müasir şəkildə qurulması üçün işlərin aparılması deməyə əsas verir ki, təhsil sistemimizdə öz yeri olan universitet qurulacaq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Deputat bildirib ki, Qarabağ universiteti digər universitetlərə də nümunə olacaq: “Təbii ki, buradakı inkişaf kadrlardan asılıdır. Qarabağ universitetinin fəaliyyətə başlaması özü ilə bərabər bir sıra məsələlərin də həllini zəruri edəcək. Universitetin yataqxanasının və digər zəruri infrastrukturun olması öz həllini tapacaq. Universitetin fəaliyyətə başlaması ilə işğaldan azad edilmiş ərazilərimizə elm, təhsil və mədəniyyətimiz qayıdacaq. Regionun xüsusiyyətlərinə uyğun olaraq elmi tədqiqat işləri aparılacaq”.