Xidmət rəisi Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib - FOTOLAR

12 İyul 2024 16:14 (UTC+04:00)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov iyulun 12-də Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Sumqayıt, Abşeron, Xızı, Cəbrayıl, Qubadlı, Şuşa, Zəngilan şəhər və rayonlarından olan vətəndaşları qəbul edib. Dövlət Xidmətindən SİA-ya bildirilib ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla anılıb.

Qəbulda 20 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.