İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir? - EKSPERT DANIŞDI

12 İyul 2024 15:32 (UTC+04:00)

“Universitetə qəbul olmaq hər bir abituriyentin arzusudur. Amma universitetə qəbul olmaq nə qədər vacibdirsə, düzgün ixtisas seçimi də bir o qədər vacibdir. Düzgün ixtisas seçimi abituriyentin həyatında və gələcək karyerasının formalaşmasında ən zəruri amillərdəndir”. Bu sözləri SİA-ya danışan təhsil eksperti Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, abituriyentlər ixtisas seçərkən həmin sahənin gələcəkdəki nüfuzuna diqqət etməlidirlər: “Çox təəssüf ki abituriyentlərimizin əksəriyyəti düzgün ixtisas seçimində çətinlik çəkir. Çünki ümumitəhsil müəissələrində şagirdlərə karyera planlaması ilə bağlı xidmət göstərilmir. Bu səbəblə abituriyentlər bu gün çox çətinliklə üz-üzə qalır. Yaxşı olardı ki, 9-cu sinifdən etibarən bu xidmətlər göstərilsin. Əksər hallarda abituriyentlər ixtisas seçimi aparan insanların intuisiyasına və onların məsləhətinə uyğun seçim edirlər. Hansı ki, ixtisas seçimi elə bir şeydir ki, abituriyentin gələcəyini müəyyənləşdirir”.

Ekspertin fikrincə, tələbələr daha çox oxumaq istədikləri ixtisasların məzunlarının iş tapma faizinə baxmalıdırlar: “Buna diqqət eləsələr, ixtisas seçimi onlar üçün daha rahat ola bilər. Əsas məsələ diplom almaq deyil, nüfuzlu ixtisas seçib gələcəkdə iş tapmaqdır. Məsələn, “İqtisadiyyat” və “Mühəndislik” ən çox seçilən ixtisaslar sırasındadır”.