“İranla münasibətlərimiz daha da yaxşılaşacaq“ - ŞƏRH OLUNDU

12 İyul 2024 15:24 (UTC+04:00)

“İran-Azərbaycan münasibətləri səfirliyin bağlanmasından sonra xeyli kəskinləşmişdi. Son dövrlər isə artıq normallaşmağa doğru gedir. Mərhum prezident Rəisi ilə sonuncu görüşdə də Azərbaycanla İran arasında münasibətlərin normallaşması üçün addımlar atıldığı bildirildi. İranda keçirilən prezident seçkilərindən sonra yeni seçilən prezident Məsud Pezeşkian Azərbaycanın ölkə başçısı ilə danışan zaman İran-Azərbaycan münasibətlərinin yaxın zamanda daha da yaxşılaşacağını və Azərbaycan səfirliyinin yaxın günlərdə açılacağını da bildirmişdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Politoloq bildirib ki, yaxın iki həftə ərzində İranda Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlaması haqqında artıq xarici işlər nazirləri də məlumat verdilər: “Hesab edirəm ki, iki ölkə arasında istiləşmə mühiti, əvvəlki kimi yaxşı qonşuluq şəraiti yaranacaq.
Qeyd etmək lazımdır ki, İran Rusiyadan sonra bizim ən böyük qonşularımızdan biridir. Bizim də orada 40 milyondan artıq soydaşlarımız yaşayır. Məsud Pezeşkianın prezident seçkiləri ərəfəsində verdiyi bəyanatlar da yerinə yetiriləcək. Yəni, orada azərbaycanlıların öz ana dilində məktəblərinin olması ilə əlaqədar da işlər həyata keçiriləcək. Düşünürəm ki, bütün bunlar əlaqələrin inkişafında böyük rol oynayacaq. İranla münasibətlərimiz daha da yaxşılaşacaq. İranda yaşayan soydaşlarımız ana dilində təhsil ala biləcəklər və bu da bizə mühüm məsələlərin həllində kömək olacaq. Hesab edirik ki, bundan sonra İranla Azərbaycan arasındakı münasibətlər dostluq, qardaşlıq münasibətlərinə çevriləcək”.