Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən muxtar respublikanın 100 illik yubileyi və "Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə 10 kilometr məsafə üzrə velosiped yarışı təşkil olunub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, idman tədbirinə müxtəlif qurumların əməkdaşları və 14 yaşdan yuxarı şəxslər olmaqla, 100-dən çox həvəskar velosipedçi qatılıb.
Açılış tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, yarışın əhəmiyyəti barədə danışılıb, qaydalar haqqında məlumat diqqətə çatdırılıb. Sonra yarışa start verilib.
İştirakçılar Heydər Əliyev Muzeyinin önündən başlayaraq yarış marşrutu üzrə Uzunoba Təlim-Məşq İdman Kompleksi ətrafındakı finiş xəttinədək olan məsafəni qət ediblər.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov mükafatlandırma mərasimində ilk üç yerin sahiblərini diplomla təltif edib. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Cavid Qasımlı yarışın qalibi olub. Digər polis əməkdaşı Asiman Cabbarov ikinci yerə sahib çıxıb. Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Fərid Allahverdiyev isə üçüncü yeri əldə edib.