“Qlobal iqlim dəyişiklikləri ilə mübarizədə “yaşıl artım” siyasəti” adlı tədbir keçirilib

12 İyul 2024 13:56 (UTC+04:00)

İyulun 12-də Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının təşkilatçılığı ilə Molekulyar Biologiya İnstitutunda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı "Qlobal iqlim dəyişiklikləri ilə mübarizədə “yaşıl artım” siyasəti” adlı tədbir keçirilib. SİA xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirin iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Sonra müasir Azərbaycanın banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevə və ölkəmizin ev sahibliyi edəcəyi COP29-a həsr olunan videoçarxlar göstərilib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək bildirib ki, Azərbaycanda ekoloji siyasətin təməlinin qoyulması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkə ekologiyasına göstərdiyi qayğı sayəsində respublikamızda minlərlə ağac əkilib, yaşıllıqlar salınıb, həmçinin 1977-ci ildə ölkəmizdə ilk dəfə "Azərbaycan Respublikasının Qırmızı Kitabı" çap olunub. "Bu gün isə bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni bir dövrə qədəm qoyub və daha da inkişaf edib. Dünyada ən böyük ekoloji tədbirlərdən biri olan COP29-un bu il ölkəmizdə keçirilməsi bunun bariz sübutudur",- deyə M.Nağıyev vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov dünyada baş verən böhran və çətinliklərə diqqət çəkərək, COP29 kimi böyük və məsuliyyətli tədbirin Azərbaycanda keçirilməsinin dünya ictimaiyyəti tərəfindən ölkəmizə verilən dəyərin göstərici olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd edib ki, Azərbaycanda yaşıllıqların salınması, çirkabların təmizlənməsi məsələlərində irihəcmli işlər görülür. Təkcə Bakı və Abşeron yarımadasında neft və çirkablı sahələr görülən işlər nəticəsində 10 dəfə azaldılıb. “Son illərdə 12 min hektar ərazidə 15 milyon ağac əkilib. Bu il isə 5 milyon ağacın əkilməsi nəzərdə tutulub. Həmçinin biz 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrini 30 faiz artırmağı düşünürük və bu istiqamətdə sürətli işlər gedir”, - deyə nazir müavini əlavə edib.

Torpaqlarımız işğaldan azad edildikdən sonra çoxlu su mənbələrinin əldə olunması ilə ekosistemin daha da zənginləşdiyini diqqətə çatdıran AMEA-nın Botanika İnstitutunun direktoru Səyyarə Abdullayeva, bundan sonra elm adamlarının əsas vəzifəsinin həmin torpaqların ekologiyası ilə bağlı araşdırmaların daha da genişləndirilməsi olduğunu bildirib.