"Azərbaycan universitetləri beynəlxalq mövqelərini gücləndiriblər" - EKSPERT RƏYİ

11 İyul 2024 16:32 (UTC+04:00)

“Hazırda Azərbaycanın 51 ali təhsil müəssisəsi var. Bizim ali təhsil ocaqlarımızda ümumilikdə 187 min tələbə təhsil alır. Azərbaycan müstəqillik qazandıqdan sonra bizim ali təhsil müəssisələrimiz geridə idilər. Bunun əsas səbəbi isə uzun müddət Sovet tərkibində olmağımız və ali təhsil müəssisələrimizin kadrlarının daha çox Sovet dövrünə uyğun hazırlanması idi. Son dörd il ərzində Azərbaycan ali təhsil müəssisələrinin dünya reytinqi ilə bağlı ciddi irəliləyiş əldə olunub. Belə ki, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Neft və Sənaye Universiteti son dövrlər sürətlə dünya reytinqində irəliləyirlər”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, region universiteti olmasına baxmayaraq, Sumqayıt Dövlət Universitetinin qısa müddət ərzində beynəlxalq reytinqdə irəliləyiş əldə etməsi sevindirici haldır: “Bunun bir neçə səbəbi var. Birinci səbəbi həmin ali təhsil müəssisələrində həyata keçirilən ümumi tədqiqat işlərinin beynəlxalq standartlara uyğunluğudur. Həmçinin Azərbaycan universitetlərinə xarici ölkələrdən tələbə qəbulu, infrastrukturdakı yeniliklərdir.

Bakı Dövlət Universiteti artıq tədqiqat universiteti olmağa tam şəkildə hazırdır. Maddi-texniki bazası, kadr potensialı, beynəlxalq elmi jurnallarda dərc olunan elmi məqalələrə görə olduqca yaxşı nəticə əldə edib. Bu gün Azərbaycan universitetləri beynəlxalq mövqelərini gücləndiriblər. Bunun əsas səbəbi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Azərbaycan ali təhsil müəssisələri 2019-2023-cü illəri əhatə edən beynəlxalq rəqabətliliyin artırılması ilə bağlı dövlət proqramıdır. Ölkə başçısı müxtəlif proqramlar, sərəncam və fərmanlarla ali təhsil müəssisələrinin beynəlxalq reytinqinin artması ilə bağlı addımlar atır. Universitetlərimiz xarici universitetlərlə birgə əməkdaşlıq həyata keçirirlər, ikili diplom layihələri çoxalıb. Bütün bunlar öz növbəsində universitetlərin reytinq sırasında irəliləməsində mühüm rol oynayır”.