“Summativ qiymətləndirmələrin sayı azaldılmalıdır” - EKSPERT RƏY BİLDİRDİ

11 İyul 2024 15:48 (UTC+04:00)

“Hazırda ibtidai siniflərdə 1-ci sinifdə summativ qiymətləndirmə aparılmır. Digər siniflərdə isə kiçik summativ qiymətləndirmələr mövcuddur. Yalnız 4-cü siniflərdə böyük summativ qiymətləndirmə, eləcə də Elm və Təhsil Nazirliyi tərəfindən monitorinq aparılır. Düzdür, bütün fənlər üzrə summativ qiymətləndirmə şagirdlərə ağır gəlir”. Bu sözləri SİA-ya danışan təhsil eksperti Cahid İmanlı deyib.

Onun sözlərinə görə, bu səbəbdən də onların azaldılması vacibdir: “Ancaq məsələnin həlli yolu düzgün seçilməlidir. Hansı fənlərdən summativin ləğvi və ya azaldılmasının pedaqoji aspektləri dəqiq aydınlaşdırılmalıdır".

Ekspert qeyd edib ki, 2, 3 və 4-cü siniflərdə hansısa summativ qiymətləndirmənin ləğvi və ya azaldılması bu qiymətləndirməyə alternativ yaradıldığı zaman mümkün ola bilər: "Çünkü yarımilin və ya ilin sonunda hansısa bir fənnin nəticəsini ölçmək, qiymətləndirmək lazımdır. Summativ qiymətləndirmələrin ləğvi isə düzgün deyil, çünkü 4-cü sinifi bitirən şagirdlərdə müəyyən bir "tədris vərdişləri" yaranır. Onlar 5-ci sinifə keçəndə onsuz yenə də summativ qiymətləndirmə ilə tanış olacaqlar. Deməli, məsələyə sistemli yanaşmaq lazımdır. İbtidai siniflərdə hansısa fəndən summativin ləğvi mümkündürsə, onu yuxarı siniflərdə də tətbiq etməliyik".