Almaniyada 2023-cü ildə 14 yaşından kiçik 18.497 uşaq cinsi zorakılığın qurbanı olub.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Federal Kriminal Polis İdarəsinin məlumatına görə, keçən il cinsi zorakılığın qurbanı olan 14 yaşından kiçik uşaqların sayı əvvəlki illə müqayisədə 7,7 faiz artıb. 2023-cü ildə 18.497 uşaq cinsi zorakılığın qurbanı olub ki, bunların 75,6 faizi qız, 24,4 faizi isə oğlan uşaqlarıdır.
Almaniyanın daxili işlər naziri Nensi Fazer (Nancy Faeser) hər gün 54 uşaq və gəncin cinsi istismar qurbanı olduğunu söyləyərək deyib: “Cinayətkarların hamısı tutulmayıb. Qurbanların çoxu cinayəti törədənləri tanıyır, çünki onlar ailə üzvləri, dostlar və ya tanışlardır.
Uşaqlar üçün təhlükə yarandıqda baxmaq və hərəkət etmək dövlətin, eləcə də bütövlükdə cəmiyyətimizin əsas vəzifəsidir.
İstintaq orqanlarımız davam edən sui-istifadə aktlarını dayandırmaq və cinayətkarları tez müəyyən etmək üçün çox çalışır.
Cinayətkarlar özlərini heç bir yerdə təhlükəsiz hiss etməməlidir. Buna görə də cinayətkarları təsbit etmək, uşaqları və gəncləri cinsi zorakılıqdan qorumaq üçün internet xidmət provayderlərinin İP ünvanlarını saxlamağa da ehtiyacımız var. Ço çalışmağa davam edəcəyik”.
Xatırladaq ki, Almaniya Parlamenti 2024-cü ilin may ayında keçirdiyi plenar iclasda “Uşaqlara qarşı cinsi istismar zorakılıqlarından bəhs edən materialların saxlanılması və yayılması cinayəti”nə görə cəzanı azaldıb.