Azərbaycan dilində peşə adlarının sonuna "a", "ə" artırılması düzgündür? - MÜNASİBƏT BİLDİRİLDİ

10 İyul 2024 18:24 (UTC+04:00)

Leksikamizda sürücü qadın "süranə", qadın müəllim "müəllimə" kimi peşə adları ilə işlənir ki, Azərbaycan dilində cins anlayışı olmadığı üçün sözlərin sonuna "a", "ə" artırılır. Bunlar əsasən leksikamıza daxil olan ərəb-fars mənşəli sözlərdir". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

O bildirib ki, qadın sürücüyə "süranə", qadın müəllimə "müəllimə" kimi müraciət edirik və sair bu kimi sözlərin milli dilimizə uyğunlaşdırılması vacibdir: "Əsasən, türk mənşəli sözlərə üstünlük versək, daha məqsədəuyğun olar. Məsələn, qardaş ölkə Türkiyədə müəllimə "öyretmen" deyirlər. Bizdə də ən azı "öyrədici", "öyrədən" deyilə bilər. Düzdür, Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənərək adlandırılır. Amma yenə də düşünürəm ki, leksikonda bu kimi sözləri yeni, milli sözlərlə əvəz etməyin zamanıdır.

Əlbəttə ki, leksikada olan dəyişiklik, yəni sürücüdürsə, sürücüyə "süranə" demək, mənə görə doğru deyil. Eyni zamanda müəllim sözünə "ə" artırmaqla xanımların fərqləndirilməsi düzgün deyil. Burada fikrimcə, gender məsələsini qabardaraq sait səsləri, şəkilçiləri artırıblar. Amma bunlar milli dilimizə uyğunlaşdırılsa, fikrimcə, daha məqsədəuyğundur".