İdman, yoxsa siyasət yarışı? - MÜTƏXƏSSİS MÜNASİBƏT BİLDİRDİ

10 İyul 2024 15:40 (UTC+04:00)

“Əslinə qalsa, idman növləri, o cümlədən, futbol insanları birləşdirməli və qardaşlığa çağırmalıdır. Baxmayaraq ki, idman növlərində güclü rəqabət olur, amma bu rəqabət dostluq, qardaşlıq fonunda həyata keçirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında idman mütəxəssisi Aslan Kərimov deyib.

Mütəxəssisin sözlərinə görə, tarixdə idmanın dinindən, dilindən, irqindən asılı olmayaraq millətləri birləşdirdiyinin də şahidi olunub: “Məsələn, futbolun arxa fonunda “Fair-play”, siyasətdən uzaqlıq dayanır. Əfsuslar olsun ki, idman sahəsinin özünün ayrıca qurumları var. Hansı ki bu qurumlarda müxtəlif insanlar çalışır. İnsanlar çalışdığı və seçimlər olduğu yerdə istəməsək belə siyasət araya girir. Bu, qaçınılmazdır. Təəssüf ki, bugünkü gündə siyasət özünü bir yolla idmana calayır. Millətləri birləşdirmək üçün ən yaxşı vasitə ola biləcək idmanı siyasi tərəfdən istifadə edirlər”.

A.Kərimov UEFA-nın Türkiyə milli futbol komandasının oyunçusu Merih Demiralı “bozqurd” işarəsinə görə cəzalandırması ilə bağlı düşüncələrini də bölüşüb: “Bu, bir qədər həssas mövzudur. Çünki UEFA-nın qəti qərarları var. İrqçilik və nazisimlə bağlı hər hansısa simvolların meydançada göstərildiyi halda oyunçulara cəza verilir. Uzun müddət bunu müşahidə etmişik. Məsələn, İtalya çempionatında bir oyunçu nazisizmin işarəsini göstərdiyi üçün ona cəza verilmişdi. “Bozqurd” da türkçülüyün simvollarından biri olduğu üçün bu məsələdə UEFA həssas davrandı. Əlbəttə ki, bu hərəkətin qarşılığında oyundan kənarlaşdırmaq əvəzinə pul cəzası da tətbiq edə bilərdilər. Amma məsələni bu cür həll etməyə üstünlük verdilər. Ona görə də oyunçular belə halların yaşanmaması üçün daha diqqətli və həssas davranmalıdırlar”.

Ləman Sərraf