Naxçıvanda müsabiqənin test imtahanı mərhələsinə yekun vurulub

10 İyul 2024 15:39 (UTC+04:00)

Muxtar respublikada 2-10 iyul tarixlərində keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi bu gün yekunlaşıb. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanlarda şəfaflığı təmin etmək məqsədilə səs və görüntüləri qeyd edən vebkameralar quraşdırılıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən imtahanlara 1667 namizəd dəvət olunub ki, onlardan 1341-i (80,4 faizi) imtahanda iştirak edib, 323-ü (19.6 faizi) isə iştirak etməyib. Test imtahanında 40-a yaxın namizəd 80 və ondan çox bal toplayıb. Muxtar respublika üzrə ən yüksək nəticəni ər-arvad olan namizədlər - kimya fənnindən 95 balla Ələkbər Ağayev, ingilis dili fənnindən isə 93,75 balla Sura Rüstəmova göstərib.

Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində vakant olan yerlərin elektron portala yerləşdirilməsi prosesi davam edir. Muxtar respublikanın ümumtəhsil məktəblərindən 512 vakant yer (4538 saat) müsabiqənin test imtahanı mərhələsində uğur qazanan namizədlərə təklif olunacaq. Təklif olunan yerlər ötən illə müqayisədə təqribən 2 dəfədən artıqdır.