Məhərrəm ayında hansı əməllərə riayət etməliyik? - MÜSAHİBƏ

10 İyul 2024 14:56 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevin SİA-ya müsahibəsini təqdim edirik:

- Məhərrəm ayının İslam aləmində əlamətdar olmasının hansı səbəbləri var?

- Məhərrəm ayı islam təqvimində birinci aydır. Məhərrəm ayına haram ay deyilir. Yəni, bu ayı adi səviyyədə qəbul etmək olmaz. Məhərrəm ayının islamda özünəxas hörmət və ehtiramı gözlənilir ki, biz onlara riayət edirik. Bu ayın 10-cu günü Aşura günüdür. Aşura gününün tarixi çox qədimdir. Adəm Peyğəmbərdən ta sonuncu Peyğəmbərimizə qədər bu günün ehtiramı saxlanılıb. Məhərrəm ayında nə qədər dua edilsə, ehsan paylansa, imkansızlara əl tutulsa, bir o qədər savab qazanılar. Məhərrəm ayı, xüsusilə onun Aşura günü Allah yanında mübarək ayların ilkidir. Tarix elə gətirib ki, Aşura günündə 680-cı ildə İmam Hüseynin şəhadəti baş verib. Əməvilər Peyğəmbər nəvəsi və onun ailəsinə qarşı soyqırım ediblər. Bu soyqırımın təşkilatçısı o dövrdə xəlifə olan Yeziddir. Müsəlman dünyası Məhərrəm ayında İmam Hüseyn (ə) və onun ailəsinə qarşı olan bu haqsızlığa öz münasibətini bildirir və bu tarixi hadisəni yad edir. Çünki həmin soyqırım yalnız İmam Hüseynin (ə) deyil, bütün islam Peyğəmbərinin ailəsinin başına gəlmişdir. Ona görə buna biganə qalmaq olmaz. İmam Hüseyn (ə) dünyada haqqın və ədalətin bərqərar olması üçün öz canını fəda etmiş, nahaqqa boyun əyməmişdir. Bu şəhidlikdən biz də bəhrələnmişik. Azərbaycan xalqının da bu şəhidlikdə, həmin tarixi hadisədə payı var. Çünki Məhəmməd Füzuli özünün “Hədiqətüs-süəda” əsərində İmam Hüseynin (ə) yanında şəhid olan Müslüm adında Azərbaycan oğlunun şəhadətini qeyd edir. Xalqımız bu şəhidlik məktəbi barədə öyrənir, nümunə götürür. Bu şəhidlik məktəbini bilən və bu yolda mübariz olan xalq öz torpaqlarının azadlığı uğrunda canını fəda etdi, Vətən yolunda şəhidlər verdi.

- Kərbəla hadisəsinin əhəmiyyəti nədir?

- Eyni tarixi biz müasir dövrümüzdə də yaşamışıq. Xocalı faciəsi Kərbəla hadisəsinin təkrarıdır. Kərbəlada İmam Hüseyni (ə), oğullarını, dost-qardaşlarını öldürüblər. Bununla kifayətlənməyərək onların başlarını kəsib nizəyə vurublar, ailəsini əsir götürüb, şəhərbəşəhər rüsvay ediblər. Eynilə bu hadisələr 1992-ci il fevralın 26-da ermənilər tərəfindən Xocalı sakinlərinin başına gətirilib. Tarix təkrarlanır və eyni faciələr yenidən baş verir. Ona görə də gərək bəşəriyyət İmam Hüseynin başına gətirilən hadisədən ibrət götürsün.

- Məhərrəm ayında hansı əməllərə riayət etməliyik?

- Məhərrəm ayında dualar oxunmalı, ibadətlər yerinə yetirilməli, ehsanlar verilməlidir. Bir sözlə, bu ayda yaxşı əməllər etmək böyük savab qazandırır.

- Bu ayda yas saxlamaq düzgündürmü? Bizim ölkəmizdə, eləcə də digər müsəlman ölkələrində bu ayda çox göz yaşı tökülür. Hətta özlərinə zərər verənlər də olur. Bu nə dərəcədə doğrudur?

-Əgər bu gün Vətənin şəhidləri varsa, onların şəhadət günündə yas saxlanılır. Məhərrəm ayında da Kərbəla şəhidlərimizi yad edirik, onların ruhuna məscidlərdə mərasimlər keçirir, ehsanlar veririk. Bunun çox böyük savabı var. Dünyanın müxtəlif yerlərində bəzi insanlar var ki, yas saxlamaq adı altında ifrata varır, həddi aşırlar. İnsan hər addımını məntiqlə atmalıdır. Şəhidliyin yad olunmasının da öz qayda-qanunu var. İmam Hüseyn (ə) mübarizəsindən dərs almaq lazımdır. Bu mübarizə dostluq, qardaşlıq, ata-oğul, ər-arvad münasibətləri baxımından mühüm əhəmiyyət kəsb edir. İmam Hüseyn böyük bir məktəb, öz şəhadəti ilə insanlıq üçün örnək götürüləsi dərslər qoyub. Hindistanın mənəvi atası Mahatma Qandi öz xalqına müraciətində deyir: “Ey Hindistan xalqı, biz azadlıq məktəbini İmam Hüseyndən (ə) öyrəndik. Mən o məktəbdən layiqincə dərs ala bilmədim”. Həqiqətəndə dünyada azadlıqsevər insanları üçün İmam Hüseynin (ə) şəhadət məktəbi bir örnəkdir.

- Məhərrəm ayında niyə oruc tutmaq tövsiyə olunur? Məhərrəm orucunun əhəmiyyəti nədən ibarətdir?

-İnsanlar istənilən ayda oruc tuta bilərlər. Məhərrəm ayında da oruc tutmaq savabdır. Amma Aşura günündə bütöv gün oruc tutmaq qəbul olunmaz. Aşura günündə Zöhr namazına kimi oruc tuta bilərlər. Çünki İmam Hüseyni (ə) qətlə yetirən və onun ailəsinə təcavüz edənlər oruc olduqlarını və xəlifə Yezidin əmrini pozan insanı öldürərək böyük bir savab iş gördüklərini deyirdilər. Ona görə də Aşura günündə bütöv günü oruc tutmaq bizim şəriətimizdə bəyənilmir.

- Məhərrəm ayında toy, ad günü etmək olarmı? Olarsa, bunun üçün hansı şərtlər var?

-Əgər bu ayda soyqırım, körpələrin, ümumilikdə insanların qətlə yetirilməsi, şəhidlik varsa, insan həmin günlərdə necə toy edə, eyş-işrətlə məşğul ola bilər? Peyğəmbər və onun ailəsini sevən, hörmət edən insanlar Məhərrəm ayında toy etmirlər. Amma insanlar evlənməklə toy etməyi qarışdırmamalıdır. İnsan hər zaman evlənə bilər. Kişi və qadın Məhərrəm ayında, hətta Aşura günündə də kəbin kəsdirə, evlənə bilərlər. Amma bu ayda toy etmək, çalıb-oynamaq düzgün deyil. Şəhidlərə, onların ruhuma ehtiram hər birimizin boynunda vacib olan əmrlərdəndir.

Allah-təala Məhərrəm ayımızı mübarək etsin və bu ayın mükafatından bizi ayrı salmasın. Amin!

Ləman Sərraf