İşdən çıxarılan şəxsə nə qədər təzminat ödənilməlidir? - HÜQUQİ İZAH

9 İyul 2024 15:44 (UTC+04:00)

“Qanunvericiliyə əsasən əmək müqaviləsinə bir neçə əsaslarla xitam verilə bilər. Bunlar tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar, tərəflərin iradəsindən asılı olmayan hallar və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi digər hallardır”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Cavid Sultanov deyib.

Onun sözlərinə görə, əmək müqaviləsi işəgötürən tərəfindən yalnız müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda və dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər: “Hər bir halda işəgötürən qanunla müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq işçinin bir ilədək əmək stajı olduqda azı iki təqvim həftəsi, bir ildən beş ilədək əmək stajı olduqda azı dörd təqvim həftəsi, beş ildən on ilədək əmək stajı olduqda azı altı təqvim həftəsi, on ildən çox əmək stajı olduqda isə azı doqquz təqvim həftəsi öncə rəsmi xəbərdar edilməlidir. Bununla yanaşı, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir".

“Əmək müqaviləsinə xitam verildikdə işəgötürən tərəfindən bağlanmış həmin müqaviləyə uyğun olaraq işçiyə bir ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqı miqdarında, bir ildən beş ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında, on ildən çox əmək stajı olduqda isə orta aylıq əməkhaqqının azı iki misli miqdarı məbləğində işdənçıxarma müavinəti ödənilməlidir”,- deyə o əlavə edib.