"İmtahan həyəcanı bütün yaş dönəmlərində orta məktəb, Ali məktəb, hətta Ali məktəbi bitirdikdən sonra hər bir insanın öz akademik fəaliyyətini artırdığı müddətdə özünəməxsus şəkildə olur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Psixoloq bildirib ki, nəzərə alsaq ki, bir çox insanlarda həyəcan pozuntusu deyilən ciddi problem var, bu o insanların sinir sistemi problemi ilə əlaqədar olur: "O insanların hər birində bu fərdi xarakter daşıyır. Həyəcan pozuntusu olan insanlarda uşaqlıqdan bu prosesə qarşı daha ciddi, tələbkar, məsuliyyətli proseslərə qarşı xüsusi bir reaksiya mövcud olur. Onlar imtahan ərəfəsində, imtahana az qalmış, hətta imtahan günü belə həddindən çox ağlamağa, gülməyə, qarın ağrılarına səbəb olacaq vəziyyətlərlə üzləşirlər. Onların bu həyəcan pozuntusu artıq onlara və doğmalarına bəllidir deyə, doğmaları da onlarda mövcud olan bu pozuntuları sezir. İmtahan yaxınlaşanda onların bu hala düşməsinə alışırlar. Bu, həmin şəxsin özünə ağır təsir edir. Çünki bu hallar hətta ağır bir psixi narahatlıqlara gələ bilir".
Onun sözlərinə görə, insan imtahan günü belə arzuladığı, illərlə gözlədiyi həmin günü düşdüyü əhval, hal pozuntusuna görə ləğv edir, illərlə hazırlaşdığı prosesdə frustrasiya halına düşür: "Ona görə bu hallar baş verməsin deyə, hər bir insan fərdi olaraq özündə mövcud olan imtahan öncəsi həyəcan pozuntusunun fərqinə varmalıdır. Bu hal mütəxəssislər tərəfindən qarşısı alınır. Fərd özü müraciət edərkən bu problemi bildirir və problem üzərində işlər görülür. Şəxslər bu problemdən xilas ola bilirlər. Çünki imtahana həddindən artıq çox tələbkar yanaşan insanlar bu prosesdə sanki kənar, ətrafın fikirlərinə önəm verməkdən əlavə orqanik reaksiya verirlər. Orqanik, yəni daxildən reaksiya verirlər. Bunun da kökündə müxtəlif səbəblər ola bilər. Qeyd etdiyimiz kimi sinir sistemi problemi, ailədən gələn reaksiya, aldığı tərbiyə insanın psixi portreti və sair kimi hallar paralel olaraq təsir edir. Hətta əlaçı şagird imtahanda həyəcanlı olur, zəif oxuyan uşaq isə elə də həyəcanlı olmur. Bu, əlaçı şagirdin həddindən artıq mükəmməlliyyətçi olmaq istəyi, hər şeyə daha yüksək səviyyədə nail olmaq istəyindən qaynaqlanır. Bu da həyəcanı daha da artırır".