“Məlumdur ki, torpaqlarımız işğaldan azad edildikdən sonra mina təmizləmə əməliyyatları ilə paralel şəkildə istər Qarabağ, istərsə də Şərqi Zəngəzur bölgəsində bir sıra layihələrin icrasına start verildi. Ərazilərimizin yenidən qurulması, bərpası, təmiri istiqamətində konkret proqramlar qəbul olundu və bu istiqamətdə bu günə qədər böyük işlər görülüb. Bu gün Qarabağ və Şərqi Zəngəzur bütövlükdə tikinti meydançasını xatırladır. Yəni, mövcud olan abidələrin, əhəmiyyətli binların bərpası və yenidənqurması prosesi, infrastruktur layihələrinin icrası, sosial sahələrin formalaşdırılması istiqamətində sosial-iqtisadi inkişaf impulslarının təmin edilməsi üçün müvafiq şəraitin yaradılması, kommunal xidmətli sahələrin inkişaf etdirilməsi, xidmət sektorunun genişləndirilməsi istiqamətində önəmli addımların atılması, nəqliyyat infrastrukturunun demək olar ki, yenidən qurulması, hava limanlarının tikintisi və ən əsası ərazilərimizin sabit elektrik enerjisi və su ilə təmin olunması istiqamətində olduqca böyük layihələr icra olunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Politoloq bildirib ki, görülən işlərin nəticəsidir ki, artıq səkkiz minə yaxın keçmiş məcburi köçkünün Böyük Qayıdış proqramı çərçivəsində Füzuli, Laçın, Xocalı, Şuşa şəhərlərinə, o cümlədən də artıq əhalinin yerləşdiyi Ağalı, Zabux, Talış və Sus kəndlərinə faktiki olaraq köç etmələri mümkün olub: “Səkkiz minə yaxın insanın köç etməsi uğurlu göstəricidir. Amma nəzərə almalıyıq ki, dövlət proqramına uyğun olaraq cari ilin sonuna qədər ümumilikdə artıq 20 min məcburi köçkünün öz ata-baba yurdlarına qayıdışı planlaşdırılır. Təbii ki, bu istiqamətdə fəaliyyətlə yanaşı, Qarabağ və Şərqi Zəngəzur bölgəsində tanınmaq, beynəlxalq ictimaiyyətə təqdimat və inkişaf baxımından bir sıra beynəlxalq tədbirlərin də məhz işğaldan azad olunmuş ərazilərimizdə keçirilməsi xüsusi rol oynayır.
2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci ildə ölkəmizdə “Şuşa İli” elan olunması, TÜRKSOY tərəfindən Şuşanın 2023-cü il türk dünyasının mədəniyyət paytaxtı elan olunması, Azərbaycan-Türkiyə qardaşlığının təsdiqi olan Şuşa bəyannaməsinin, TDT-nin birliyi olan Qarabağ bəyannaməsinin məhz işğaldan azad olunmuş ərazilərimizdə imzalanması bütövlükdə həmin ərazilərin təqdimatı və təbliği baxımından xüsusi önəm daşıyır. Bu cür tədbirlərin mütəmadi şəkildə işğaldan azad olunmuş ərazilərdə keçirilməsi həmin ərazilərin inkişafı və sərmayə qoyuluşuna müsbət mənada təsir göstərir. Artıq həmin ərazilərdə ayrı-ayrı təşkilatların həyata keçirdiyi layihələrlə yanaşı, beynəlxalq birliyin də müvafiq layihələrdə iştirakına şahidlik etmişik. Bu gün işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərmək istəyən müxtəlif dövlətlərdən olan şirkətlər də fəaliyyətə başlayıblar. Bütün bunlar deməyə əsas verir ki, hazırda ərazilərimizin inkişafı, yenidən qurulması və bərpası istiqamətində kompleks tədbirlər həyata keçirilir”.