AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində elmi seminar keçirilib

8 İyul 2024 21:56 (UTC+04:00)

İyulun 8-də AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanının 3 illiyinə həsr olunmuş elmi seminar keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, seminarı giriş sözü ilə açan mərkəzin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev dövlət başçımızın imzaladığı bu sənədin mətnini iştirakçıların diqqətinə çatdıraraq tarixi Zəngəzur mahalının əsrlər boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, böyük tarixi ədalətsizliklə İrəvan mahalı, Qərbi Azərbaycanın digər torpaqları kimi nankor qonşularımıza ərməğan edildiyini tarixi faktlarla vurğulayıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Fərmanı ilə ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları olan Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsinin tarixi-siyasi əhəmiyyətini qeyd edən natiq bildirib ki, 44 günlük müharibədə qazanılan möhtəşəm Zəfərdən sonra Şərqi Zəngəzur torpaqlarının dirçəlişi, yenidən məskunlaşdırılması prosesi uğurla davam etdirilir.

Tarix üzrə fəlsəfə doktoru, yazıçı-publisist Hacı Nərimanoğlu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Zəngəzur” Cəmiyyətinin “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində təşkil olunmuş tədbirdə “Şərqi Zəngəzuru Ana Vətənə qovuşduran siyasət” mövzusunda videotəqdimatla çıxış edib. İşğaldan azad edilən yurd yerlərimizdə genişmiqyaslı dirçəliş, tikinti, abadlıq işlərinə başlandığını videogörüntülərlə təqdim edən məruzəçi ölkə rəhbərimizin “Zəngəzurun Şərqi varsa, onun Qərbi də var, bunların qovuşması artıq zaman məsələsidir” sözlərini xatırladaraq deyib: “Bu gün hər bir azərbaycanlı fəxrlə görür ki, hərb meydanında qazanılan Qələbənin ardınca başlayan quruculuq və Böyük Qayıdışın da memarı Azərbaycan Prezidentidir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, şöbənin aparıcı məsləhətçisi Səyyad Babakişiyev, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşlarından Samir Kərimov, Fəranə Mikayılova, Aqil Həsənov, Fuad Hüseynov və İsaq Məmmədov təqdimatla bağlı çıxış ediblər. Qeyd edilib ki, Birliyin və Elmi Mərkəzin bir qrup üzvü AMEA-nın ilk şəhidi, REM-in əməkdaşı olmuş Mahsun Bağırzadənin və Şərqi Zəngəzurda döyüşlərdə şəhid olan igid vətən övladlarının valideynləri və qazilərlə işğaldan azad edilmiş yurd yerlərimizə səfər edərək bu işlərin geniş miqyasının şahidi olmuşlar.

Elmi seminarın iştirakçılarına, REM və digər dövlət, qeyri-hökumət və media qurumlarına Hacı Nərimanoğlunun müəllifliyi ilə QHT-nin nəşr etdirdiyi “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində nəşr edilən eyni adlı kitabın nüsxələri təqdim olunub.