"İstehlakçının hüquqlarının müdafiəsi gücləndirilməlidir” - QURUM RƏSMİSİ DANIŞDI

8 İyul 2024 17:22 (UTC+04:00)

“İnsan qanunlar olan yerdə həmin qanunlara arxayın olmalıdır. Dövlətimizin qanunları olduğu halda istehlakçı gözü yumulu halda məhsulu alıb istehlak etməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, istehlakçının borcu deyil ki, özünü qorumaq üçün yollar axtarsın: “Lakin bununla bərabər bütün ölkələrdə olduğu kimi Azərbaycanda da zəhərlənmə, istehlakçı haqlarının pozulması kimi hallar yaşanır. Bu mənada istehlakçının fəal olmasının tərəfdarıyıq. İstehlakçı zəhərləndiyi halda konpensasiya almaq istədiyi təqdirdə hakimə sənədlər təqdim etməlidir. Lakin Azərbaycan həkimi şəxsin nədən zəhərləndiyini qeyd etmirlər. Buna səbəb ya zərərçəkmişin nədən zəhərləndiyini anlamırlar, ya da qorxurlar. Daha çox burada qorxu faktoru rolu oynayır.
Biz illərdir ki, bir dəfə belə zəhərlənmədən konpensasiya verilməsinə nail ola bilməmişik. Çünki lazımi sənədlər verilmir. Bunun da kökündə müstəqil ekspertizanın olmaması dayanır. Düşünürəm ki, istehlakçının hüquqlarının müdafiəsi gücləndirilməlidir”.