“Bütün Azərbaycan xalqı prosesləri fəxr hissi ilə izləyir” - MÖVQE BİLDİRİLDİ

8 İyul 2024 16:47 (UTC+04:00)

“Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsindən sonra hətta hərbi əməliyyatlar bitdikdən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı təmir, quruculuq bərpa və yenidənqurma işləri başladı. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan bütün istiqamətlərdə güclü və qüdrətli ölkədir”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.

O bildirib ki, Azərbaycan heç bir xarici ölkədən dəstək almadan məhz öz gücü hesabına torpaqlarını yenidən qurur: “Hətta işğaldan azad olunmuş ərazilərimizdə dünyada analoqu olmayan tərzdə sürətli meqalayihələr həyata keçirilir. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə geniş infrastruktur layihələri, nəhəng sosial layihələr həyata keçirilir. Hava limanları tikilib istifadəyə verilib və yeni hava limanlarının da tikintisi davam etdirilir. Bununla paralel olaraq bərpa olunan, yenidən qurulan ərazilərə böyük qayıdış başlayıb. Azərbaycanın 30 ilə yaxın işğal altında saxlanılan ərazilərinə azad olunduqdan sonra yeni həyat gəlib. Keçmiş məcburi köçkünlərimiz öz doğma yurdlarına fəxr və qürur hissi ilə qayıdırlar. Bütün Azərbaycan xalqı prosesləri fəxr hissi ilə izləyir.

Bir günlük anti-terror tədbirlərindən sonra tamamilə suverenliyimizin bərpa olunduğu ərazilərdə də bərpa işləri həyata keçirilir. Azərbaycan gücünü və qüdrətini bütün dünyaya göstərir. Biz sübut edirik ki, bu torpaqların tarixi sahibləri bizik”.