“İki ölkə arasında münasibətlər normal məcrada inkişaf edəcək” - MÜNASİBƏT BİLDİRİLDİ

8 İyul 2024 16:32 (UTC+04:00)

“Bundan sonra İran-Azərbaycan münasibətlərinin necə olacağı İran tərəfindən daha çox aslıdır. Belə ki, həllini gözləyən bir sıra məsələlər var, bunlar Tehran şəhərində yenidən Azərbaycan səfirliyinin öz işini bərpa etməsi, İranla-Azərbaycan arasında siyasi dialoqun davam etdirilməsi və ölkələr arasında iqtisadi-ticari sahədə qurulan birgə layihələrin uğurla davam etdirilməsidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, əvvəki Prezident, helikopter qəzasında dünyasını dəyişən Rəisinin Azərbaycanla qurduğu konstkruktiv əməkdaşlıq və xoş niyyəti görünən idi: “Yeni Prezidentlə bağlı indidən bunu demək çətindir. Müəyyən zamana ehtiyac var. Hər halda ümid edək ki, İranın yeni Prezidentinin islahatçı qoldan olması və əslən azərbaycanlı olması iki ölkə arasında səmərəli əməkdaşlığın davam etdirilməsinə öz müsbət töhfəsini verəcək. İran mürəkkəb siyasi quruluşa malik olduğundan Pezeşkian bu istiqamətdə həm ölkə daxilində, həm xarici siyasətdə fəal iş aparmalıdır”.

“Düşünürəm ki, Azərbaycanın təşəbbüsü ilə son illər İranla təməli qoyulan iqtisadi layihələr iki ölkə arasında ələqələrin inkişafına müsbət təsir edib. Bu baxımdan bu işlərin davam etdirilməsi vacibdir. Ən azından bu nöqtədən baxsaq gözləmək olar ki, iki ölkə arasında münasibətlər normal məcrada inkişaf edəcək”,- deyə o əlavə edib.

Ləman Sərraf