“TDT dünyada öz mövqeyini gücləndirir“ - ŞƏRH OLUNDU

8 İyul 2024 16:17 (UTC+04:00)

“Türk Dövlətləri Təşkilatının Azərbaycanın təşkilatçılığı ilə Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü tarixi hadisədir. İstər Şuşanın, istərsə də türk dövlətlərinin tarixi üçün çox əlamətdardır. Bu görüşün Şuşada keçirilməsi də görüşün əhəmiyyətini artıran məqamlardan biridir. Əvvəla Şuşa tək Azərbaycanın deyil, bütün türk dünyasının mədəniyyət mərkəzidir. Eyni zamanda üç il bundan öncə Türkiyə ilə Azərbaycan arasında Şuşa bəyannaməsi də iyunun 15-də məhz bu şəhərdə imzalanıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, görüşdə imzalanan bəyanat isə Şuşa bəyannaməsinin davamıdır, o bəyannamədən doğan bu günün tələbi və sabaha çağırışdır: “Bu görüş türk dünyasının birliyini daha da möhkəmləndirməklə yanaşı, eyni zamanda dünyaya bəyanat oldu ki, Şuşa, Qarabağ bütövlükdə tək Azərbaycanın deyil, türk dünyasının ən əziz məkanlarından biridir və ayrılmaz parçasıdır.
Eyni zamanda tədbirdə həm Macarıstanın, həm də Şimali Kipr Türk Respublikasının iştirakı və onların türk dövlətləri birliyinə məşvərətçi üzv kimi qəbul olunması ilə bağlı bəyannamədə xüsusi bəndin göstərilməsi də çox ciddi irəliləyişdir. Bununla həm TDT-nin sırası genişləndirilir, həm də münasibətlər daha da sıxlaşır.

Şuşada baş tutan görüş artıq bütün dünyaya səs salıb. Burada keçirilən tədbir, edilən çıxışlar, verilən bəyanatlar cənab Prezidentin ayrı-ayrı türk dövlətləri rəhbərləri ilə görüşlərində səsləndirilən fikirlər hazırda dünya palitoloji məkanlarında diqqət öyrənilir və araşdırılır. Bu da faktdır ki, artıq TDT dünyada öz mövqeyini gücləndirir və artıq bir çox birliklər bu təşkilatla hesablaşmalı olurlar. Bəzi hallarda isə konkret olaraq Avropa dairələrinin qısqanclığını müşahidə edirik. Şübhəsiz ki, TDT hər hansı dövlətə və quruma qarşı deyil, heç kəsə təhlükə yaratmır. Bəyanatda da göstərildiyi kimi kökü, dini, dili bir olan xalqları daha da bir araya gətirir”.