Tələbələr yay tətilini harada və necə keçirəcəklər? - SORĞU

8 İyul 2024 16:01 (UTC+04:00)

Artıq yay tətili başladı, tələbələr ağır dərs prosesini və semestr imtahanlarını geridə qoyaraq tətil günlərini necə keçirəcəklərini planlaşdırırlar. Kimisi xarici ölkələrə səfər etməyi, kimisi isə Azərbaycanın gözəl guşələrindən birində dincələcəyini düşünür. SİA olaraq onlara “Tələbə olaraq yay tətilinizi necə və harada keçirməyi planlaşdırırsız?” deyə, sual ünvanladıq.

Tələbə Aysel Abbaszadə: "Hər bir tələbə kimi imtahan sessiyasının bitdiyinə görə çox sevinirəm. Düşünürəm ki, yay tətilim çox maraqlı keçəcək. Çünki dostlarımla və ailəmlə maraqlı planlarım var. Ailəmlə Azərbaycanın gözəl guşələrindən biri olan və vətənim sayılan Cəlilabad rayonuna, daha sonra Quba rayonuna getməyi düşünürəm. Dostlarım ilə isə əyləncəli və maraqlı vaxt keçirmək üçün şəhərə getməyi və orada maraqlı vaxt keçirməyi düşünürəm. Tətildə təbii olaraq özümə də vaxt ayırmağı düşünürəm. Bunun üçün müxtəlif filmlərə baxacam və ya kitab oxuyacam".

Tələbə Qənirə Süleymanova: "Yay tətilimi əvvəlcədən planlamışdım. Düşünürəm ki, yay tətilimi öz inkşafıma həsr edəcəm. Bunun üçün maraqlı kitablar oxuyacam və ya filmə baxacam, onları təhlil edəcəm. Əvvəlcə Frans Kafkanın “Milenaya məktublar” əsərindən başlayacam. Düşünürəm ki, kitab oxumaqla, fikirlərimə yeni düşüncələr və yeni baxış açısı əlavə olunacaq. Daha sonra öz ixtisasımla bağlı özümü inkşaf etdirməyi düşünürəm, bu səbəbdən istər könüllülük fəaliyyətləri, istərsə də təcrübə proqramlarına qoşulmaq kimi planlarım var.Təbii olaraq ailəmlə də maraqlı vaxt keçirməyi planlaşdırmışam, buna görə Azərbaycanın ən gözəl rayonlarından biri olan Şirvan rayonuna getməyi, ailəmlə maraqlı vaxt keçirməyi də planlaşdırmışam".

Tələbə Gülşad Musayeva : "Yay tətilimi könüllü fəaliyyətlərində olmaqla keçirməyi düşünürəm. Bu məqsədlə Azərbaycanda keçiriləcək COP-29-la bağlı könüllülük müsabiqəsindən keçmişəm. Fikrimcə, Azərbaycanda bu cür konfransların keçirilməsi, Azərbaycanın inkşafı baxımından, eləcə də xarici ölkələrlə sıx əməkdaşlıq baxımından bizim üçün üstünlükdür".

Tələbə Fidan Babayeva: "Tətilimi ailəmlə keçirməyi planlaşdırıram. Azərbaycanın Quba, Qəbələ, Şamaxı və s. kimi rayonlarına getməyi düşünürəm. Xarici ölkə olaraq isə Gürcüstana getməyi ailəlikcə planlayırıq. Bu mənim ilk xarici səfərimdir. Hobbi olaraq müxtəlif kitablar oxuyacam, Dostoyevskinin “Cinayət və Cəza“ əsərini, daha sonra xarici dildə filmlərə baxmağı planlayıram. Əlbəttə ki, dostlarımla da maraqlı vaxt keçirməyi istəyirəm. Bunun üçün şəhərə gəlib, onlarla birlikdə maraqlı vaxt keçirə bilərik".

Tələbə Bəylər Alıcanov: "Yayda da işləcəyimə görə yay mənim üçün hələki başlamayıb. Asudə vaxtlarımda düşünürəm ki, dostlarımla dənizə gedər, onlarla vaxt keçirərəm. Bundan əlavə, ingilis dilimi inkşaf etdirməyi və kursa getməyi də planlaşdırıram. İxtisasımla bağlı özümü inkşaf etdirmək istəyirəm, bunun üçün təcrübə proqramlarına qoşulmağı, müxtəlif fəaliyyətlərdə olmağı gələcəkdə planlaşdırıram".

Fatimə Ələsgərova