"Allahın ayı" - Məhərrəm ayının özəllikləri nələrdir? - ARAŞDIRMA

8 İyul 2024 15:41 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb. Müraciətdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə, hicri-qəməri təqvimi ilə 1445-cü il başa çatdığı bildirilib. Yəni 1446-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2024-cü il iyul ayının 7-nə, Aşura günü isə iyul ayının 16-na təsadüf edir. Bəs, Məhərrəm ayının özəllikləri nədir? Bu ayda hansı əməllər icra olunur? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Kərbəla hadisəsinin tarixi və İmam Hüseyn (ə) əzadarlığının kökü

Məhərrəm İslam dininə görə 4 “haram” (“Muhərrəm”, haram edilmiş mənasındadır - K.R.) aydan biridir. İslam hökmlərində bu ayda savaşmaq, qan tökmək qadağan (haram) edilib. İslam mənbələrində Məhərrəm ayı haqda bir sıra məlumatlar var. O cümlədən, həm İslamaqədərki və həm də İslamın gəlişindən sonra bu ayda baş vermiş əlamətdar hadisələr xatırlanır. Bunların arasında Adəm Peyğəmbərin yaradılışı, İbrahim Peyğəmbərin doğulması, Adəmin tövbəsinin Allah tərəfindən qəbul olunması, Musa Peyğəmbərin yəhudiləri Firondan xilas edərək Misirdən çıxarması və Qiyamət gününün bu ayda baş verəcəyi ilə bağlı xəbərlər var.

Ancaq heç şübhəsiz, bu ayın əsas hadisəsi Aşura və ya Kərbəla hadisədir. Hicrətin 61-ci ili (Miladi təqvimlə 680-ci il) Məhərrəm ayında İraqın Kərbəla çölündə baş verənlər bütövlükdə İslam təqvimində ən acı və taleyüklü hadisələrdən biridir. Məhərrəm ayının 10-cu (ərəbcə “əşərə”- Aşura) günü İslam Peyğəmbəri həzrət Məhəmmədin (s.) nəvəsi, İmam Əlinin (ə) və Həzrət Fatimənin (ə) oğlu İmam Hüseyn (ə) ailə üzvləri və tərəfdarları ilə birlikdə Kərbəla çölündə qətlə yetirilib.

Kərbəla hadisələri tarix boyu baş vermiş çoxlu sayda qanlı qırğın və ya müharibələrdən biri deyil, bütövlükdə bir müqavimət prosesi olub, İslam dininin mahiyyətinin qorunması, dinin hakimiyyətlər tərəfindən sui-istifadəsinə qarşı sivil etiraz idi. Həzrət Hüseyn (ə) əməvi xəlifəsi, hakimiyyəti atasından irs almış Yezidin beyət tələbini rədd edərək İslamda irsi keçən sülalə hakimiyyətinin olmadığını, Peyğəmbərin xəlifəsi adına iddia edən şəxsin dinin tələblərinə riayət edən, əxlaqlı, ədalətli insan olmalı olduğunu bəyan edir və Əməvi xəlifəsi Yezid ibn Muaviyənin bu xüsusiyyətləri daşımadığı üçün ona beyət etməkdən (hakimiyyətini tanımaqdan – K.R.) imtina edir. İmam Hüseyn (ə) bir inqilabçı, üsyançı deyil, özünün də dəfələrlə dediyi kimi, islahatçı, insanları doğruya dəvət edən, pisliklərdən çəkindirən və nəhayət, bu yolda öz həyatını və ən yaxınlarını qurban verən bir əzabkeş idi.

Aşura gününün mənası

Hicri Məhərrəm ayının 10-da baş verənlər İslam tarixində görünməmiş faciə, əsrlərə iz qoyacaq hadisə idi. Bu hadisə İslam dünyasında böyük təsir yaratdı. Bir sıra üsyanlar baş verdi, səhabə və tabeliyində olan çox nüfuzlu insanlar xəlifə Yezidə etiraz etdilər. Daha sonra xəlifə Yezid İmam Hüseynin (ə) öldürülməsi ilə bağlı əmr vermədiyini, bunu Kufə valisinin özbaşına etdiyini deyərək məsuliyyəti üzərindən atmağa çalışır. Ancaq etirazlar böyüyür və sonrakı il Mədinədə baş qaldıran etirazları yatırmaq üçün xəlifə Yezid şəhərə ordu göndərir. Ordu Mədinə şəhərini mühasirəyə alaraq ələ keçirib qarət edərək yandırır. Ancaq Kərbəla hadisəsindən sonra xilafətdə əməvi sülaləsinə etirazlar dayanmır. Bir neçə ildən sonra baş verən Muxtar Səqəfinin qiyamı zamanı Kərbəlada cinayətə əl atan xəlifə döyüşçüləri cəzalandırılır. Əməvi imperiyası isə zəifləyir.

Ancaq Məhəmməd Peyğəmbərin (s.) sevimli nəvəsinin və ailə üzvlərinin qətlə yetirilməsi, ailəsinin əsir alınması, Dəməşqə zəncirlənib aparılması müsəlmanlar arasında böyük bir faciə və kədərin mənbəyinə çevrilir. Müsəlmanlar bu hadisədən böyük üzüntü keçirərək Peyğəmbər (s.) nəvəsinə yas tuturlar. Həzrət Hüseynə (ə) Kərbəlada ilk yas tutanlardan biri də səhabə Cabir ibn Abdullah Ənsari olur. Yaşlı Peyğəmbər səhabəsi Mədinədən gələrək Aşuranın 40-cı günü – Ərbəin, ərəbcə 40-cı gün – Kərbəlada İmam Hüseynin (ə) məzarı üzərində ağlayaraq matəm saxlayır.

Sonradan bu mərasimlər hər il davamlı olaraq keçirilir. Hər il müsəlmanlar Aşura qətliamını yeni baş vermiş qətl hadisəsi kimi qeyd edir, İmam Hüseyn və tərəfdarlarına yenicə dünyadan köçmüş insanlar kimi yas tuturlar.

Təxminən 200 il sonra Misirdə Fatimilər Aşura gününü matəm günü elan etdi. Fatimilərin dövründə Misirdə Aşura rəsmi əza və matəm günü olaraq qalırdı. İbn Kəsir yazır ki, hicrətin təxminən 400-cü ilində Bağdadda Aşura günü milli matəm günü elan olundu, xalq Hüseynin susuzluğunu nəzərə alıb küçələrdə soyuq su və şərbət qoyub susuzlara paylayırdı. İraq əhalisi də Aşura günündə Peyğəmbərin (s) vəfat etdiyi günün ildönümündə olduğu kimi əzadar idi.

Sonrakı illərdə, hətta Əməvilər dövründə sərt qadağalara baxmayaraq hər il on minlərlə insan Məhərrəm ayını matəm, hüzn mərasimi kimi qeyd edib. Hər il Məhərrəmin 10-cu günü əzadarlıq mərasimləri təşkil olunur, Kərbəla şəhidləri yad edilir. Müsəlman ölkələrində böyük bir mədəni irsə çevrilən növhə, mərsiyə yazılı ədəbiyyatı və şəbih tamaşalarının ilham qaynağı Aşura idi.

Ancaq İmam Hüseynə əza saxlamaq yalnız yas tutmaq deyil, həm də onun tutduğu yolun davam etdirilməsi, Peyğəmbər və Əhli-Beyt yoluna sadiqlik, ədalət tərəfdarı, haqsızlığa qarşı olmaq kimi qəbul olunur. İslam alimləri Aşura əzadarlığını nəzəri olaraq iki hissəyə bölür. Birinci hissə daha çox zahiri əlamətlərlə seçilən və müsəlman ölkələri folklorunun əsasını təşkil edən mərsiyə, növhə, qəsidə kimi yaradıcılıq nümunələri, şəbih teatrları da daxil olmaqla, əzadarlıq mərasimlərini əhatə edir.

Məhərrəm ayında ad günü şənliyi qeyd etmək, belə şənliklərə qatılmaq, tv izləmək, musiqi dinləmək və s. bu qəbildən olan şeyləri etmək olarmı?
Bu sualı Hacı Rüfət Qarayev cavablandıraraq bildirib ki, bu çox şaxəli məsələdir, əslində bunlar özü-özlüyündə doğrudursa əlbəttə haram, günah deyil: “Məsələn, bir ad günü şənliyi öz axarından çıxırsa, çalğı ilə, musiqi ilə, fişəng atmaqla və s. keçirilirsə bu doğru deyil. Bu ayın hörməti, ağırlığı var. Əgər biz öz əzizimiz dünyasnı dəyişəndə necə ehtiram olaraq onun ruhuna Quran oxutdurub, dua edib, ehsan veririksə bu günlərdə də eynisini edə bilərik. Çünki, Peyğəmbərimizdən hədis var: “Məni özünüzdən, ata-ananızdan, övladınızdan, var-dövlətinizdən, hər şeyinizdən artıq sevmədikcə həqiqi iman etmiş olmazsınız”. Bu ayların ehtiramını saxlayanlar iman sahibləridir. Bu baxımdan Allahın Rəsulu (s.a.s) buyurular ki, Hüseyn məndəndi, mən də Hüseyndənəm. Əgər İmam Hüseyn adına süfrə açılıb orda bir plov bişiriləcəksə, həmin gün uşağın da doğum günüdürsə, burda heç bir problem yoxdur. Onsuz da normalda da, bir toyda, məclisdə spirtli içki varsa o haramdı. Kişi və qadın olan bir yerdə istənilən formada normativlər qalxırsa, şəriətin ölçüləri qalxırsa bu haramdı. Bu istər Məhərrəm ayında olsun, istər başqa aylarda”.

Fitnənin yasaq buyrulduğu ay

Məhərrəm ayında hər müsəlman dedi-qodu, münaqişə, kimisə incitmək, xətrinə dəymək kimi əməllərdən çox uzaq olmalıdır. Habelə, söz-söhbət, münaqişə, incimə, küsməyə səbəb olacaq fitnədən də uzaq durmaq gərəkdir.

Unutmayın ki, Aşura günü İmam Hüseyn(ə.s) və onun 72 tərəfdarı Kərbala düzündə şəhid oldu. Həmin gün İslam dinində həm matəm, həm də İslamın qələbə çaldığı gündür. Həmin gün İslamın necə böyük din olduğunu göstərirdi. Bu səbəbdən də Ramazan ayından sonra ən fəzilətli oruc məhərrəm orucu sayılır.

Aşura orucunun özəlliyi

Məhərrəm ayının 10-cu günü hər mömin müsəlman oruc tutmalıdır ki, bunun da adı "Məhərrəm orucu"dur. Müsəlmanlarla bahəm, yəhudi və xristianlarda da həmin gün "böyük gün" sayılır.
Məhərrəm ayının 10-cu günü, yəni Aşura orucunun fəziləti böyukdür. Belə ki, hədisi-şərifə görə, Hz. Məhəmməd (s.ə.s) buyurub: "Ramazan ayından sonra ən fəzilətli oruc "Şəhrullah" (Allahın ayı) olan Məhərrəm ayının orucudur. Fərz namazından sonra ən əfzəl (üstün) namaz gecə namazıdır" (Müslim, Əbu Davud, Tirmizi).
Məhz bu səbəbdən də mömin müsəlmanlar Məhərrəm ayını "şəhrullah", yəni "Allahın ayı"adlandırırlar.
Hədislərdə o da buyurulur ki, Allahın Rəsulunun (s.ə.s) özü də Aşura orucu tutarmış. Buna görə də Aşura gününün orucu digər sünnət oruclar kimi müsəlmanlara buyrulmuş tələblərdən biridir.

Dünyada şiə təriqətinə mənsub olanlar sünnilərdən azlıq təşkil etdiyi halda, nəyə görə bütün dünyada Məhərrəmlik belə coşqu ilə keçirilir?

Şiə və sünnilər bir çox məsələlərdə bir olduqları kimi, Aşura mərasimlərində də birdirlər. (Radikal "müsəlmanları" istisna etmək şərti ilə). Aşura mərasimlərinin coşqu ilə qeyd olunması isə Allah Rəsulunun ailəsinə olan sevgidən irəli gəlir. Nəinki müsəlmanlar, dünyada bir çox dahilər də bu məktəbi təqdir etmiş və haqqında tarixə qızıl hərflərlə yazılmış sözlər demişlər. Misal olaraq Mahatma Qandi deyib : "Əgər Hindistan xalqı azad olmaq istəyirsə, İmam Hüseynin Aşura məktəbini öyrənsin”. Bu mərasimlər şiə və sünnilərin kompakt yaşadığı bir çox ölkələrdə hər iki məzhəbin həm alimləri, həm də ictimaiyyəti tərəfindən birgə təşkil olunur. Çünki məzhəbindən asılı olmayaraq, İmam Hüseynin məktəbindən hərə öz payını götürə bilər. Hərə öz çatışmazlığını aradan qaldıra bilər.

Təbii ki, bütün dini məsələlərdə olduğu kimi, Aşura hadisəsinin qeyd olunmasında da ifrata varmalar olur. Aşura hadisəsini əfsanələşdirən, onun mahiyyətini bəzən təhrif edən hekayə və əhvalatlar meydana çıxıb. Bəzi müsəlmanlar məhərrəmlik ayinlərində baş yarmaq, qan çıxarmaq kimi adətlərdən istifadə edib. Bütün bunlar fərqli yozumlara səbəb olsa da, bütövlükdə təhriflərə, qadağalara baxmayaraq Kərbəla olaylarını unutdurmaq mümkün olmayıb.

Son illərdə müsbət hadisədir ki, Aşurada İmam Hüseynə əza saxlamaqla yanaşı sosial yardımlaşma, ehtiyaclılara yardım, qan verilməsi kimi sosial aksiyalar da keçirilir.

Ləman Sərraf