Azərbaycan Türk dünyasının birliyinə öz töhfəsini verir

8 İyul 2024 15:47 (UTC+04:00)

Anastasiya Lavrina

YAP Gənclər Birliyinin üzvü

“Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir”, - Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində belə deyib. Dedi və etdi! Azərbaycan Prezidenti öz sözünün adamıdır, bu, dəfələrlə təcrübədə sübuta yetirilib. Azərbaycanın növbəti beynəlxalq təşəbbüsü olan Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə toplantısını Şuşa şəhərində keçirməsi bütün türk dünyasını daha da möhkəm birləşdirdi. TDT dünya səhnəsində güc mərkəzinə çevrilir. Şuşa şəhərində keçirilən sammitin yekunu üzrə Qarabağ Bəyannaməsinin qəbul edilməsi çox simvolikdir. Şuşa şəhəri TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Şuşanın azad edilməsi Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı parlaq qələbənin mühüm tərkib hissəsi oldu. 2020-ci il noyabrın 8-də şəhərin işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur oldu və bununla da İkinci Qarabağ müharibəsi başa çatdı. Azərbaycanın bu qələbəsi bütün türk dünyasını birləşdirdi. İndi isə 3 il yarımdan sonra Şuşada türk dünyasının həmrəyliyini və TDT-nın beynəlxalq nüfuzunu daha da gücləndirəcək mühüm sənəd qəbul edilib.

Digər beynəlxalq təşkilatlardan fərqli olaraq, TDT-na üzv olan ölkələr qarşılıqlı etimada, ərazi bütövlüyünə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə əsaslanan etimad münasibətləri qura bilmişlər. Sürətlə dəyişən geosiyasi dünya düzənində bütün bunlar iştirakçılar tərəfindən yüksək qiymətləndirilir. Türk dünyası böyük bir coğrafi ərazini əhatə edir. Ölkələri təkcə tarix, mədəniyyət və dil deyil, həm də investisiya qoymaq, öz imkanlarını inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək və logistika sahəsində işləmək istəyi birləşdirir.

İyulun 5-də Azərbaycan Prezidenti ölkənin Qarabağ bölgəsində yeni tikilmiş və bərpa olunan bir çox obyektlərin açılışında iştirak edib, həmçinin Xankəndi Konqres Mərkəzinin təməlini qoyub. Elə həmin gün Azərbaycan dövlətinin başçısı ölkəmizdə səfərdə olan Özbəkistan və Qırğızıstan prezidentləri ilə birlikdə Şuşanı gəzdi. Onlar birlikdə Şuşa şəhərinin 23 binadan ibarət ilk yaşayış kompleksinə baş çəkmiş, artıq doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərlə söhbət etmişlər.

Yaxşı bir atalar sözü var: yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Şuşaya gələrək şəhərin sürətli inkişafını, sakinlərin gözündə səmimi sevinci görən türk dünyası ölkələrinin rəhbərləri öz gözləri ilə qlobal əhəmiyyətli gələcək regional layihələr üçün yeni mərkəz olan Qarabağın dirçəldiyinə daha da əmin oldular. 30 ilə yaxın erməni işğalı zamanı hər şeyin məhv edildiyi yerlərə həyat qayıdır. Türk dövlətlərinin rəhbərlərinin işğaldan azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür.

Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməkdə unikal və zəngin təcrübəyə malikdir, bu təcrübədən həmrəyliyi gücləndirmək, TDT-da konsensusa nail olmaq üçün istifadə olunur. Türk dünyasının birliyi, enerji sektorunda, o cümlədən bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıqda, COP29 konfransına hazırlıqda Azərbaycanın dəstəklənməsi, eləcə də Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi və Zəngəzurun dəhlizinin işə salınmasında da müşahidə olunur.

Türk dövlətlərinin həmrəyliyi həm də ölkələrin milli maraqlarının birgə müdafiəsinə və təhlükəsizliklə bağlı təhdidlərə qarşı mübarizəyə öz töhfəsini verir. İqtisadi və mədəni qarşılıqlı fəaliyyət, terrorizmlə mübarizədə birgə səylər XXI əsrin çağırışlarının öhdəsindən səmərəli şəkildə gələ biləcək, türk dünyasında sülh və sabitliyi qoruyub saxlaya biləcək vahid cəbhənin formalaşdırılmasında mühüm rol oynayır. yap.az