"1 sentyabr seçkiləri Azərbaycanın siyasi tarixində yeni bir səhifənin başlanğıcıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

8 İyul 2024 15:27 (UTC+04:00)

"1 sentyabr seçkiləri Azərbaycanın siyasi tarixində yeni bir səhifənin başlanğıcıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat bildirib ki, ərazilərimizdə suverenlik təmin olunandan sonra Azərbaycanın bütün ərazilərində keçirilən ilk seçkilər Prezident seçkiləri oldu: "İndi də 1 sentyabrda xalqımız ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə seçkilərdə iştirak edəcəklər. Milli Məclisin altı çağırışında keçmiş məcburi köçkünlər öz deputatlarını ölkəmizin digər ərazilərində seçirdilər. Hətta bir rayonun seçiciləri bir neçə rayonda məskunlaşdığından həm təbliğat, həm də seçki prosesinin aparılması çox çətin idi. Keçmiş məcburi köçkünlərin müəyyən mənzil-məişət problemləri qalmaqda idi. 300 mindən çox keçmiş məcburi köçkün müasir qəsəbələrdə yerləşdirilsə də, bəzi ailələr hələ də yataqxanalarda qalırdı. Bu da seçki prosesində çoxlu problemlərin gündəmə gətirilməsinə yol açırdı. Bu gün isə onlar üçün müasir kəndlər və şəhərlər yenidən qurulub bərpa olunur. Keçmiş məcburi köçkünlərin bütün məişət -mənzil problemləri ən yüksək səviyyədə həll olunur. Hələ də öz ata yurdlarına qayıtmamış keçmiş məcburi köçkünlərdə də tezliklə qayıtmaq ümidi yaranmışdır. Çünki, dövlətimiz öz doğma yurdlarına qayıtmaq istəyən bütün keçmiş məcburi köçkünləri müasir evlərlə təmin ediəcəkdir. Bu da xalqımızın dövlətə inam və etibarını daha da artırır.

İndi isə keçmiş məcburi köçkünlərin bir hissəsi artıq azad olunmuş rayonlarda öz deputatlarını seçəcəklər. Bu gün 8 minə yaxın insan öz ata-baba yurdlarına qayıdıb. Həmin rayonlarda seçki məntəqələri qurulmuşdur. 1 sentyabrda onlar öz doğma yurdlarında seçki məntəqələrinə gedəcəklər və böyük qürurla səs verəcəklər. Təbii ki, bu, Ali Baş Komandanımızın rəhbərliyi altında yazılan yeni tarixin ilk səhifələridir".