"Pezeşkian İbrahim Rəisinin yolunu davam etdirəcək" - MÜNASİBƏT BİLDİRİLDİ

8 İyul 2024 15:12 (UTC+04:00)

"Seçkilərin ikinci hissəsində qalib gəlmiş Məsud Pezeşkian yumuşaq gücün tərəfdarı kimi çıxış edən bir siyasətçidir. Ümumiyyətlə, siyasi aləmdə onun müəyyən təcrübəsi var. Çünki Məhəmməd Hatəmi dövründə bu adam səhiyyə naziri olub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, digər tərəfdən daim bu seçki proseslərində bir neçə dəfə özünü sınayıb: "İki dəfə onun namizədliyi keçməyib. Nəhayət, indi bu prezident seçkilərindən sonra biz görürük ki, faktiki olaraq İran dövlətinin daxilində ali, dini rəhbər səviyyəsində olan yumşalma var. Bu yumşalma ondan ibarətdir ki, Pezeşkianın seçkilərə buraxılması göstərir ki, rəsmi Tehran yumşalmaya üstünlük verir. Düzdür, son söz həmişə ali rəhbər tərəfindən ifadə olunur. Çünki həm də Ali Baş Komandan Əli Xomeyni idi. Ancaq prezident icra qolunun rəhbəri olarkən onun da siyasi proseslərə təsiri var.

Elə başa düşürəm ki, ilk növbədə regionumuzda Pezeşkian çalışacaq ki, İranın mövqeyini bir qədər düzəltsin. Çünki bir çox qonşularla İranın çox mürəkkəb münasibətləri var. Gərginlik yaşanır. Düzdür, Səudiyyə Ərəbistanı ilə yumşalma getdi, sonra yaxınlaşma oldu. Digər tərəfdən ölümünə qədər İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevlə sərhəddə görüşdükdən sonra gördük ki, rəsmi Tehran məhz icra hakimiyyətinin rəhbəri olan Prezidentin səyləri nəticəsində Azərbaycanla bağlı artıq daha səmimi, sərbəst və daha düzgün siyasət yeritmək niyyətini ifadə etdi. Pezeşkian Azərbaycan istiqamətində İbrahim Rəisinin yolunu davam etdirəcək. Eləcə də, Əfqanıstanla, bütün dövlətlərin hamısı ilə çalışacaq ki, problemlərin yükünü aradan qaldırsın".

"Qərb tərəfində də inanmıram ki, hər hansı bir yumşalma olsun. Çünki birincisi, Qərbin İrana münasibəti heç vaxt dəyişmir, onların münasibəti sərtdir, etinasızdır. Amma buna baxmayaraq İran da öz sözünü deyir, öz mövqelərini kifayət qədər qətiyyətlə müdafiə edir. Burada istər Tramp, istər Bayden gəlsin, heç bir əlaqəsi yoxdur. İran öz mövqeyini dəyişməyəcək. Çünki bir yandan Qərb kollektivlə, o cümlədən Amerika və Avropa İttifaqı birlikdə müsəlman dünyasını çalxalayırlar, çalışırlar ki, burada münaqişəli vəziyyətləri bir qədər də qızışdırsınlar. Digər tərəfdən həm də İran bu proseslərdə özü fəsadlar yaşayır. Çünki İranın daxilində seperatizm ocaqları var. Radikal qruplar yeri gələndə silahdan istifadə edirlər ki, vəziyyəti gərginləşdirsinlər, müharibəni qızğın bir formata gətirsinlər. Bu baxımdan elə düşünürəm ki, Pezişkan özü Azərbaycan əsillidir, anası da kürddür, ona görə də milli azlıqların da fikirlərini ifadə edə biləcək fiqura çevriləcək. Çünki həm azərbaycanlıdır, azlıqlar yaşayan bölgələrə diqqəti həmişə böyük olub. O cümlədən də çalışacaq ki, ölkənin həm daxilində, həm də xaricində rəsmi Tehran üçün daha əlverişli bir vəziyyət formalaşdırsın" - deyə o, əlavə edib.