Niyə Məhərrəmlik ayında toy etmək olmaz? - MÜNASİBƏT BİLDİRİLDİ

8 İyul 2024 14:31 (UTC+04:00)

"Məhərrəm ayı hicri-qəməri təqviminin yeni ilinin ilk ayıdır. Bu ayın 10-cu günü aşura günü Peyğəmbər sallallahu Valehin nəvəsi Həzrəti Hüseyn əleyhissəlam ətrafındakı 72 nəfərlə birlikdə şəhid olub, ailəsi əsir götürülüb. Bu sadəcə qısa xranologiyadır. Məsələnin əsli bu deyil". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, məsələnin əsli budur ki, insanlıq yaranandan bəri həmişə gözəl forma altında, gözəl şəkil, adlar altında pislik edən zalımlar olub: "Onlardan biri də Yezid idi. Yezid müsəlman xəlifəsi adı altında İslama düşmənçilik edən bir kafir kimi hərəkət edirdi. Kafirlər də iki yerə ayrılır. Elə kafirlər var ki, müsəlmanlarla düşmən deyillər. Allah da Quranda buyurur ki, onlarla mehriban davrana bilərsiniz. Amma kafirlər var ki, İslamla düşməndirlər. Yezid İslam libası altında İslama düşmənçilik edirdi. Bunu da İmam Hüseyn əleyhissəlam görürdü. İmam Hüseyn əleyhissəlam bunu sözlə xalqa başa sala bilmədi. Ona görə Yezidin xəlifə olaraq etməli olduğu, Peyğəmbər nəslinə ehtiram etməli olduğu məsələnin üstündən xətt çəkmək lazım idi. İmam Hüseyn əleyhissəlam öz hərəkatı ilə başa saldı ki, Yezid iddia edir, Peyğəmbərin yerində oturub, amma əslində Peyğəmbərlə düşməndir. Necə ki, mən Peyğəmbərin nəvəsi olaraq ona sadəcə Qurani-Kərimə əsaslanıb etirazımı bildirirəm, o isə məni də, ətrafımdakıları da öldürür, ailəmi də əsir aparır".

"Bilirsiniz ki, namazda Peyğəmbər ailəsinə Salam göndərməyənin namazı qəbul deyil. Bütün namazların təşəhhüdündən sonra Peyğəmbər və onun ailəsinə Salam göndərmək var. Yezid əgər namaz qılırdısa, namazda İmam Hüseynə Peyğəmbər ailəsi olaraq Salam göndərirdi, sonra da İmam Hüseyni qətlə yetirdi. Yəni hadisənin mahiyyəti faciə deyil. Hadisə çox böyük hadisədir. İmam Hüseyn əleyhissəlamın Aşura günü son anlarında söylədiyi bir söz bütün dinlərdən olan, hətta dinsiz olan bütün insanlara da şamildir. O da bundan ibarətdir: "Dininiz yoxdursa, hürriyyətiniz, mərdliyiniz, insanlığınız olsun". Bu, bütün tarixə ünvanlanmış fəryaddır. Bu, Aşura günü öldürdülər, keçib getdi, deyil. Aşura günü həmin günün qeyd olunmasıdır. O, mərdliyin, insanlığın, ikiüzlü zalımların qarşısında canla, qanla mübarizə aparmaq günüdür. Ona görə də bu günü sadə ötüb keçmək doğru deyil. Əlbəttə ki, bu günlərdə şənlik etməmək lazımdır. İnsan bir az mərdliyə, mərd insanlara, fədakar insanlara ehtiram etməyi bacarmalıdır. İnsan bu dünyanın əsl səbəbi olan insanlığın günlərini qeyd etməlidir. Lazım gəlsə, 3-4 ay qeyd etməlidir ki, mən mərdliyə, insanlığa hörmət edirəm. Bu hadisəni başa düşməyənlər nə mərdliyə, nə də insanlığa hörmət edirlər. Onlar üçün məsələ sadədir. Amma həqiqət belə deyil" - deyə o, əlavə edib.