Azərbaycanın xarici siyasət kursunda dostluq münasibətləri əhəmiyyətli yer tutur

8 İyul 2024 10:45 (UTC+04:00)

Azərbaycan Respublikasının xarici siyasət kursunda dünya dövlətləri ilə qarşılıqlı dostluq münasibətləri əhəmiyyətli yer tutur. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri dinamik şəkildə inkişaf edir. Həmçinin ölkəmiz bu təşkilata üzv dövlətlərlə həm ikitərəfli formatda, həm də digər müxtəlif beynəlxalq təsisatlar çərçivəsində münasibətlərini ən yüksək səviyyədə qurub. Təsadüfi deyil ki, Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Astanada keçirdiyi görüşlər də dünyanın bir çox nüfuzlu media orqanları tərəfindən geniş işıqlandırılıb. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycanın ŞƏT Sammitinə növbəti dəfə dəvət alması cənab Prezident İlham Əliyevin böyük şəxsi nüfuzunun daha bir göstəricisidir.

“Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq.” Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə çıxışında deyib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.

“Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan-ŞƏT əməkdaşlıq əlaqələrinin əsas istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir. Azərbaycan hazırda ŞƏT-in dialoq tərəfdaşı statusuna malikdir. Dövlətimizin başçısı ilk dəfə 2022-ci ilin sentyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də iştirak edib. Azərbaycanın bu mötəbər tədbirdə iştirakı ölkəmizin Avrasiya məkanında mövqelərinin getdikcə möhkəmləndiyini bir daha təsdiq edir. Zirvə görüşündə etdiyi çıxışında cənab Prezident İlham Əliyev qeyd etdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Həmçinin dövlətimizin başçısı Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyətinin Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırıldığını diqqət mərkəzinə çəkdi və bildirdi ki, hazırda Orta Dəhlizin rəqəmsallaşması üzərində çalışmalar aparılır. Aydındır ki, ŞƏT-ə üzv ölkələrin əksəriyyəti ilə Azərbaycanın nəqliyyat əlaqələri məhz Xəzər dənizi üzərindən keçir. Məhz buna görə də Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Həmçinin dövlətimizin başçısı Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rolunu qeyd edərək bildirdi ki, bu layihənin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu artıq hazırdır və uğurla fəaliyyət göstərir.

Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Bütün bunlar dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq işlərinin ən yüksək səviyyədə davam etdirildiyini deməyə əsas verir.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri