Oyuncaq tapança gəzdirməyə görə qanunda hansı məsuliyyət nəzərdə tutulur? - AYDINLIQ GƏTİRİLDİ

8 İyul 2024 09:52 (UTC+04:00)

“Oyuncaq silahla bağlı ”Cinayət Məcəlləsi"ndə hər hansı müddəa əks olunmayıb. Sadəcə qeyd olunur ki, bütün hadisələrin törədilməsində “odlu silah və ya silah qismində istifadə olunan əşya” ifadəsindən istifadə olunur”. Bu sözləri SİA-ya danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib.

““Cinayət Məcəlləsi”nin 228-ci maddəsində qeyd olunur ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə; 228.1.maddəsində qeyd olunur ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur",- deyə o bildirib.

Hüquqşünas həmçinin qeyd edib ki, dünyanın bir çox yerlərində açıq silah satışı var: “Silah gəzdirməyə icazə verilir. Bu halda təbii ki, oyuncaq silaha qadağa qoymayacaqlar. Bizdə də düşünürəm ki, istənilən formada oyuncaq silahlar hazırlana bilər. Bunun hər hansı formada qanuna zidd olmasını düşünmürəm. Sadəcə istifadə edənlərin məqsədi, istifadə zamanı yarana biləcək fəsadlar məsuliyyət yarada bilər”.

Ləman Sərraf