Azərbaycanın ŞƏT-lə əməkdaşlığının perspektivləri çox böyükdür

7 İyul 2024 14:07 (UTC+04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev cari ilin 3 iyul tarixində Astana şəhərinə səfər edib. Ölkə başçısı cənab İlham Əliyevin səfəri zamanı keçirdiyi görüşlər, apardığı müzakirələr dünyanın təhlükəsizlik və tədarük zəncirlərində qırılmaların olduğu bir vaxtda Azərbaycanın imkanlarının genişləndirməsi fonunda diqqətəlayiqdir. Ölkə başçısı cənab İlham Əliyevin Astana proqramı Avrasiya materikinin qarşılıqlı razılığa, köklü təhlükəsizlik tendensiyalarına, səmərəli iqtisadi əməkdaşlığa əsaslanan arxitekturası üçün ölkəmizin aparılan müzakirələrdə mühüm yerini göstərir. “ŞƏT plyus” formatında keçirilən Sammitdə 16 ölkənin dövlət və hökumət başçıları iştirak edib. Azərbaycanın nüfuzlu təşkilatın Zirvə görüşündə iştirak etməsi ölkəmizin dünya gündəliyində tutduğu yüksək rolundan xəbər verir.

4 iyun tarixində Astana şəhərində keçirilən “ŞƏT plyus” formatında görüş zamanı cənab İlham Əliyev çıxış edərək bir çox vacib məsələlərə toxunmuşdur. İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş zamanı cənab İlham Əliyev bildirmişdir ki, “Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Biz bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Biz tərəfdaşlarımızla Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyirik. Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq”. Qeyd etmək lazımdır ki, Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizindəki (Orta Dəhliz) imkanlarını və aktivlərini artırır. Nəticə etibarı ilə Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sistemi çərçivəsində Şimal-Cənub və Şərq-Qərb Beynəlxalq Nəqliyyat dəhlizlərindəki tranzit imkanlarına dəstək qazanır. Eyni zamanda Azərbaycan həm də güc sahibi olan ölkələr arasındakı manevr imkanlarını genişləndirir. Məlum olduğu kimi Rusiya Şimal-Cənub nəqliyyat koridorunda Hindistanla müştərək əlaqələrə malikdir. Şərq-Qərb nəqliyyat şəbəkəsi isə Çinin strateji məramını genişləndirir və Azərbaycan eyni vaxtda hər iki dəhlizdə rol alır. Ölkəmizin mövqeyi təhlükəsizlik və sabitlik istiqamətində praqmatik yanaşmalara söykənir ki, bu da heç bir dövlət üçün problem yaratmır. Astana sammiti də daxil olmaqla, ölkə başçısı artıq ikinci dəfədir ki, Şanxay Əməkdaşlıq Təşkilatının üzv ölkələrin Zirvə toplantısına dəvət olunur. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) regional və beynəlxalq münasibətlərdə dəyişikliklərə operativ, effektiv reaksiya verən çoxtərəfli strukturdur və bu baxımdan Azərbaycan həm təhlükəsizlik, həm siyasi eyni zamanda iqtisadi inkişaf sahəsində modelləri birləşdirməyə çalışan ŞƏT ilə daha yaxın əməkdaşlıqda maraqlıdır. Avrasiya regionunda ölkəmiz təhlükəsizliyi təmin etmək, sabitliyi saxlamaq, yaranan çağırışlara və təhdidlərə qarşı mübarizə aparmaq naminə qüvvələri birləşdirmək üçün çoxtərəfli birlik modelinə daxil olur və bu da Azərbaycanın regional güc kimi dəstək qazanmasını da şərtləndirir. Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin mahiyyətindən irəli gələn qarşılıqlı əməkdaşlıqlar və dialoqlar Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Regionda təhlükəsizliyə və iqtisadi inkişafa dəstək Azərbaycanın iqtisadi gücünü və siyasi mövqeyini daha da gücləndirəcəkdir.

Milli Məclisin deputatı,

Rauf Əliyev