Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran - Lerik yolu bağlanıb

26 İyun 2024 18:28 (UTC+04:00)

Bu gün günorta saatlarında hava şəraitinin dəyişməsi və Lerik rayonunda güclü leysan, dolu düşməsi nəticəsində dağlarda torpaq sürüşməsi, uçqun baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, torpaq sürüşməsi əsasən Lerik-Lənkəran magistralının 37 kilometrliyində, Lerik rayonunun Peştətük kəndi ərazisində baş verib.

Əraziyə 52 saylı Lerik yol istismar MMC-nin ağır texnikaları və canlı qüvvəsi cəlb olunub. Yolun qismən açıldığı bildirilir. Kənd sakinlərinin sözlərinə görə, belə bir hadisə ilə ilk dəfə qarşılaşıblar.

Yolun tam açılması istiqamətində işlər davam etdirilir.