Qərbi Azərbaycan İcması Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbir keçirib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının dövlət orqanlarının nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai və elm xadimlərinin iştirak etdiyi tədbirdə Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ və qaçqınlıq problemləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çıxış edib. Sədr çıxışında Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinə vurulmuş zərərlər, İcmanın son bir ildə həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. Qaçqınlıq və məcburi köçkünlük probleminin davamlı həllinin qayıdış hüququnun təmin edilməsindən keçdiyini qeyd edən sədr bildirib ki, Azərbaycan Respublikası hökumətinin məcburi köçkünlərin geri qayıdışı istiqamətində həyata keçirdiyi irimiqyaslı fəaliyyəti təqdir olunmalıdır. Ə. Ələkbərli vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüququn aliliyini və yüz minlərlə insanın qayıdış hüququ kimi təməl insan hüququnu təmin edib.
İcmanın sədri Ermənistandan qovulmuş azərbaycanlıların sosial problemlərinin həllinə və onların dinc yolla qayıdış hüququna verdiyi dəstəyə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirib.
Daha sonra Ermənistanın Karvansara rayonundan qaçqın düşmüş xanım Səfayə Həsənova qaçqınlıq xatirələrini bölüşüb. Tədbirdə “Qərbi Azərbaycan” televiziya kanalının İcma haqqında hazırladığı sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, Ümumdünya Qaçqınlar Günü BMT Baş Assambleyasının 2000-ci ildə qəbul etdiyi 55/76 saylı qətnamə ilə təsis olunmuşdur. Məqsədi qaçqınların problemlərinə beynəlxalq diqqəti artırmaqdır. Qərbi Azərbaycan İcması hər il bu gün münasibətilə tədbir təşkil edir.