“Qaçqınlıq problemi silahlı münaqişələrin ən ağır nəticələrindən biridir. Bu problem həm öz doğma yuvalarından didərgin düşmüş insanlar, həm də onları qəbul edən cəmiyyətlər üçün böyük iqtisadi, sosial və digər çətinliklərə gətirib çıxarır. Hesab edirik ki, bu problemin ən dayanıqlı həll yolu qaçqınlar və ölkədaxili məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasından keçir”. SİA xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbirdə deyib.
“Ötən il keçirdiyimiz Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdən bəri İcmamız qaçqınlar mövzusunda sistematik addımlar atmışdır.
Bildiyiniz kimi, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıları özündə birləşdirən qurumdur. Onun fəaliyyətinin ana xəttini Qərbi azərbaycanlıların öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək təşkil edir. Bu məsələyə dair beynəlxalq məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq istiqamətində səylərimiz davam etmişdir. Çoxsaylı müraciətlərimiz BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılmış, UNESCO, ISESCO, Qaçqınlar üzrə Ali Komissarlıq, ATƏT kimi qurumlarla təmaslarımız davam etmişdir”,- deyə o əlavə edib.
Sədr bildirib ki, Qərbi Azərbaycan İcması, üzvlərinin öz doğma torpaqlarına qayıdışı məqsədinə dialoq yolu ilə nail olmaq əzmindədir: “İcma beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, eləcə də sülh, barışıq və birgəyaşayış dəyərlərinə hörmət edir.
Biz Ermənistan hökuməti ilə də dialoq üçün dəfələrlə təklif göndərmişik. İcmanın davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan hələ də onun çağırışlarına cavab verməyib. Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli və davamlı həll istiqamətində irəliləyişə mane olur”.
Ləman Sərraf