Göyçayda şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib

25 İyun 2024 18:58 (UTC+04:00)

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Ətraf Sərrafın şəhidlərə həsr olunmuş “Vətən - böyük əmanət” adlı kitabının təqdimat mərasimi keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Göyçay rayon Mədəniyyət Mərkəzində keçirilən tədbiri açan Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova kitabın təqdimatının çox əlamətdar günə təsadüf etdiyini qeyd edib.

Bildirilib ki, sabah 26 İyun - Azərbaycanda Silahlı Qüvvələrin yaranmasının 106-cı ildönümü qeyd olunur. Hərb tariximizin şərəfli səhifəsi olan 26 iyunda yaranan ordu bu gün Cənubi Qafqazda birinci, dünyada ilk 50 ordu sırasında yer alır. O ordu ki, 44 günlük Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərərək şanlı Zəfərə imza atdı. Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı şanlı Qələbə təkcə Azərbaycan tarixinin deyil, dünya hərb tarixinin qəhrəmanlıq səhifəsini təşkil edir.

Diqqətə çatdırılıb ki, həm Birinci, həm də İkinci Qarabağ müharibələrində canından keçmiş şəhidlərə həsr edilmiş kitabın təqdimatının bu gün keçirilməsi xüsusi önəm daşıyır.

Tədbirdə çıxış edən şair Adil Məmməd, Əkbər Əlisoy, Xeyrəddin Qoca, Şəmsiyyə Qaramanlı qələm yoldaşları Ətraf Sərrafın yaradıcılığından söz açıblar. Həmçinin “Vətən - böyük əmanət” adlı kitabda yüksək amal, məslək, Vətən üçün canını fəda edən şəhidlərin hər birimiz üçün örnək, qürur və nümunə olduğu xüsusi vurğulanıb.

Məktəblilər kitabdakı şeirlərdən səsləndirib, bədii qiraətçi Əli Səfalı poemadan bir hissə söyləyib.

Sonda şəhid ailələrinə və tədbir iştirakçılarına “Vətən - böyük əmanət” kitabı təqdim olunub.