"Həya hissi olmasa, insanlar daha çox azğınlaşar" - MÜNASİBƏT BİLDİRİLDİ

25 İyun 2024 14:10 (UTC+04:00)

"İctimai qınağın tərifini verdikdə sosial həya deyə bilərəm. Həya hissi budur insanda". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub deyib.

O bildirib ki, ictimai qınaq fərdlərdə, fərdi insanlarda həya hissidir: "Yəni, kiminsə qınağından çəkinir, bunu ayıb bilirik, sosial sferada bir şeyi etməkdən çəkinirik, insanların qınağı bizim üçün önəmlidir. İctimai qınaq budur.

"İctimai qınaq yaxşıdırmı?" sualı versək, əlbəttə, yaxşıdır. Müasir insan, təəssüf ki, həya məsələsində çox zəifləyib. Azadlıq şüarı o qədər verilib ki, həya hissi sanki arxa plana keçib. Həya hissi olmasa, insanlar daha çox azğınlaşar.

Bəli, hüquq insanlarda bir çox cinayətlərin qarşısını alır. Amma bəzi tənzimləyici funksiyalar ki var, onu həya, ictimai qınaq tənzimləyir. Bu, mütləq vacibdir. Azərbaycanda bu ictimai qınaq nə səviyyədədir? Biz də müasir dünyanın bir parçasına çevrilmişik. İnternet bizi də əhatə edir. Müasir insanın bu barədə zəifliyi, təəssüf ki, bizə də yansıyıb. Məsələn, bir xanım sosial şəbəkədə canlı yayım açır. Utanmadan, çəkinmədən istədiyini danışır. Ayıb bilinən, ictimai qınağa tuş gəlinən şeyləri danışır. Təbii ki, bu, çox pisdir, pis tendensiyadır".