G7 ABŞ-nin supergüc çağına dönməyəcəyini göstərir? - TƏHLİL

25 İyun 2024 12:50 (UTC+04:00)

G7 sammitinin yekun bəyannaməsinə əsasən, müxtəlif böhranlar və problemlərə uyğun olaraq geniş siyahı irəli sürülüb. Ukraynadan Tayvana, süni intellektdən enerjiyə qədər bir çox problemli sahəyə diqqət çəkən liderlər, bu mövzularda fərqli təşəbbüslər irəli sürəcəklərini bildiriblər. Bununla belə, bəyannamədə həll yolları ilə bağlı dəqiq təkliflər yer almayıb və xüsusilə Ukrayna, Tayvan və Fələstin kimi böhran bölgələrində qalıcı həlli təmin edəcək yeni razılaşma təklifləri tapılmayıb. Bu vəziyyət Vaşinqtonun geniş siyasi perspektiv ətrafında konkret həllər təmin etməkdə çətinlik çəkdiyini və dolayısıyla Bayden administrasiyasının qlobal liderlik iddiasının zəif tərəflərini nümayiş etdirir.

G7 liderləri sammitdə Rusiyanın nüvə təhlükəsi ilə bağlı narahatlıqlarını ifadə etsələr də, Çinə Rusiyaya yardımla bağlı xəbərdarlıq versələr də, bu məsələlər üzrə konkret həll təklifi razılaşdırılmayıb. Beləliklə öncəki illərdə olduğu kimi böyük razılaşmaların və təkliflərin qəbul olunmadığı bu sammitdə, qlobal liderlərin qaydalarına əsaslanan beynəlxalq sistemin işləməməsinin bir daha şahidi olduq.

Digər tərəfdən sammit iştirakçıları İkinci Dünya Müharibəsindən sonra Amerikanın qurduğu beynəlxalq sistemin ən təsirli qurumu olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bir vaxtlar müəyyən addımlar ata bildiyini xatırlayıb, özlərinə təskinlik veriblər. Görünən odur ki, danışıqlardan sonra böyük dövlətlərin addım ata biləcəyi dövrləri xatırlayan qərb qlobalistləri bu mexanizmin fəaliyyət göstərə biləcəyi ehtimalını bir daha gözdən keçiriblər. Bununla belə onlar, son illərdə BMT Təhlükəsizlik Şurasının fəaliyyətinin pozulduğunu, Amerikanın Rusiya və Çinlə diplomatik dil tapmaqda çətinlik çəkdiyini qəbul edirlər. Səbəb olaraq deyə bilərik ki, son dövlərdə Amerikanın Tayvan və Ukrayna kimi böhranlarda BMT platformalarını həll yolu kimi istifadə etmək əvəzinə, məsuliyyəti başqa ölkələrin üzərinə qoyduğu müşahidə edilib. Bayden administrasiyasının qlobal liderlik iddiasının zəifliyi xüsusilə Əfqanıstandan geri çəkilmə prosesi və Ukrayna kimi böhran bölgələrindəki məhdud təşəbbüslərlə özünü büruzə verib.

Beləliklə Bayden Adminstrasiyasının Qəzzada təklif etdiyi atəşkəs planı ilə bağlı səylərinin İsrail-Fələstin sülhünə qalıcı həll yolları üçün yetərli olmadığı, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Bu vəziyyət onu göstərir ki, Bayden administrasiyası demokrat blokla avtoritar rejimlər arasında mübarizəni özünün əsas amalı kimi müəyyənləşdirsə də, bu mübarizənin necə aparılacağına dair hərtərəfli strategiyası yoxdur. Nəticə olaraq deyə bilərik ki, Amerikanın qlobal liderlik iddiasının hazırkı böhranlarda ilişib qalması və beynəlxalq sistemin strukturunun yozlaşması Bayden administrasiyasının “supergüc olaraq qalmaq” sınağında çətinlik çəkməsinin əsas səbəbidir. Beləliklə görünən odur ki, “America is back” (Amerika geri dönür) heç vaxt reallaşmayacaq. Beləliklə öz dominant supergüc dönəmlərinə geri dönə bilməyəcəyini qəbul etməli olan ABŞ-nin yaxın dövrdəki siyasəti sadəcə öz keçmiş təsir dairələrini qorumağa çalışmaqla məhdudlaşa bilər.