Anesteziya – narkoz necə kəşf olundu?

22 İyun 2024 23:25 (UTC+04:00)

Kim bədənində anesteziyasız, yəni narkozsuz cərrahi əməliyyat keçirmək istər? - Heç kim.!? Təbii ki, belə ağrıları düşünmək belə insanı ürpədir. Lakin tibb elmi bəşər tarixi qədər qədim olsa da, anesteziya tətbiqləri son dövrlərin möcüzəsidir.

Anesteziya cərrahi əməliyyatların ağrısız şəkildə həyata keçirilməsi üçün hüceyrələrin bioloji funksiyalarını müvəqqəti olaraq yavaşlatmaq, keyitmək və ya dayandırmaq üçün edilən bir tətbiqdir. Keçmişdə müxtəlif üsullardan istifadə olunsa da, müasir tibbi anesteziyanın əsasını cəmi 200 illik tarixə malik təsadüfi kəşf təşkil edir.

Ümumi anesteziya üçün ilk cəhdlər, ehtimal ki, tarixdən əvvəlki dövrlərdə istifadə edilən bitki mənşəli dərmanlar olub. Alkoqol məlum olan ən qədim trankvilizatorlardan biridir.

Min illər əvvəl şumerlər, qədim misirlilər və çinlilər narkozda tiryək və onun kimi uyuşdurucu bitkilərdən istifadə ediblər. “Yatmış süngər” üsulu da var idi ki, həkimlər tiryək, mandrake, hemlok şirəsi və bəzi digər maddələrin həll olunduğu qarışığa batırıb qurutduqları süngəri cərrahi əməliyyatdan az əvvəl nəmləndirir, xəstənin burnuna tutur və huşunu itirirdilər. Lakin bu üsulun təsiri tez keçdiyi üçün əməliyyat tez başa çatmalıydı.

Tibb sahəsindəki yeniliklər zamanla cərrahi təcrübələrdə kəşflərə yol açsa da, dişlərini çəkdirən və ya ağrısız əməliyyat edirən xəstələrlə bağlı bu addımlar inkişaflara paralel irəliləmədi.

XIX əsrin əvvəllərində nadirən cərrahi əməliyyat edirdilər. Böyük şəhər xəstəxanalarında həftədə cəmi 1, ya dəfə 2 cərrahiyyə əməliyyatı aparılırdı.

1844-cü ildə Amerika Birləşmiş Ştatlarının Hartfort şəhərində diş həkimi işləyən Horase Uells onun yaşadığı yerə gələn "Heyrətləndirici tamaşa: güldürücü və nəşələndirici qazın təsirləri" başlıqlı bir səhnə təqdimatını izləmək üçün həyətə - bağa enir. Səhnədə tərkibində efir olan qaz qarışığı ilə nəfəs alan insanlar gülməli danışır, özündən gedir və yüksək səslə qəhqəhə çəkirdilər. Nümayişi maraqla izləyən Uells qazı sınadıqdan sonra özündən çıxıb vəcdlə mahnı oxuyub oynayanlardan birinin dəmir skamyanın kənarına ayağının bərk dəydiyini və yaralandığını, amma kişinin heç bir şey olmamış kimi gülərək rəqsə davam etdiyini görür. Sonra Horase Uells bu adamın yanına gedib tamaşa zamanı xəsarət aldığını, özünü necə hiss etdiyini soruşur. Adam belə bir şey olmadığını deyir. Uells kişinin şalvarının ayağını yuxarı çəkir, görür ki, düz görüb, kişi çox ağır yaralanıb, amma heç bir ağrı hiss etmir.

İzlədiyi nümayişdən təsirlənən amerikalı diş həkimi ertəsi gün otağında bu qaz qarışığından içinə çəkib, köməkçisinə heç bir ağrı hiss etmədən çürük dişini çəkdirir. Öz üzərində sınadıqdan sonra o, bir neçə həftə ərzində eyni üsulla 15 xəstənin dişini çıxarır.

Bir gün Horase Uells Bostondakı bir xəstəxananın əməliyyat otağında tibb tələbələri, sadə vətəndaşlar və xəstəxananın sahibi qarşısında yeni anesteziya tətbiqini nümayiş etdirmək istəyir. Ancaq alkoqol aludəçisi olan və anesteziyaya cavab verməyən xəstənin dişinin çəkilməsi çox ağrılı keçir. Hamı Uellsi ələ salır, şarlatanlıqda ittiha edirlər. 9 ay sonra eyni xəstəxanada Horase Uellsin tələbəsi və bir müddət onunla birlikdə işləyən diş həkimi dostu Uilyam Tomas Qrin Morton bu dəfə sıx efir qarışığı ilə başqa bir təcrübə həyata keçirir və həyatı boyu spirtli içki qəbul etməyən xəstəsinin dişini 10 dəqiqə içində əməliyyat edir. Xəstə cərrahi müdaxilə zamanı heç bir ağrı hiss etmədiyini deyir. Bundan sonra Tomas Qrin dostu Horase Uellsin yeni anesteziya tətbiqini dünyaya "Bu, şarlatanlıq deyil, realdır" deyə elan edir.

Bu kəşfdən sonra yeni üsul Avropa ölkələrində sürətlə yayıldı, lakin efirin qusmağa səbəb olan yan təsirləri və onun alışqan-partlayıcı xüsusiyyətləri bəzi həkimlərin ondan uzaq durmasına səbəb oldu. Çox qısa zamandan sonra xloroformun da narkoz zamanı istifadə oluna biləcəyi aşkar edildi və anesteziya sahəsində sürətli addımlar atıldı.

Keçmişdə ağrıdan bağırmalarına əhəmiyyət vermədən insanların dişləri çəkilir və ya əməliyyat edilirdisə, bu gün tibb dünyasını ümumi və ya bəlli bölgəyə anesteziya tətbiq edilmədən hər hansı cərrahi müdaxiləni təsəvvür etmək mümkün deyil.