Uşaq bağçasında baş vermiş mənimsəmə faktı ilə bağlı cinayət işi başlanılıb

21 İyun 2024 17:22 (UTC+04:00)

Şəki şəhər 16 saylı uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Rayon prokurorluğundan SİA-ya verilən məlumata görə, araşdırma zamanı həmin uşaq bağçasının direktoru tərəfindən 2019-2023-cü illərdə öz qulluq mövqeyindən istifadə edilməklə ona etibar edilmiş 105 min manat məbləğində pul vəsaitinin müxtəlif yollarla mənimsənilməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.