“Ulu Öndər Heydər Əliyevin siyasəti bu gün onun layiqli davamçısı, ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş və 2023-cü ildə 23 saat davam edən anti-terror tədbirləri nəticəsində bütün ərazilərimizdə suverenliyimiz bərpa olunmuşdur. Nəhayət oktyabrın 15-də Xankəndi və digər şəhərlərimizdə Azərbaycanın üçrəngli bayrağının dalğalanması Azərbaycan zəfərinin növbəti təntənəsi oldu. Bu gün həmin ərazilərdə yenidənqurma və bəpra işləri aparılır”. Bu sözləri SİA-ya açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib.
O bildirib ki, quruculuq işləri yüksək səviyyədə həyata keçirilir: “Azərbaycan Respublikasının 2030-cu ilə qədər əsas prioriteti Böyük Qayıdış layihəsinin həyata keçirilməsidir. Milli prioritetlərə əsaslanan Azərbaycan Respublikasının 2020-2026-cı illərdə “Sosial-iqtisadi inkişaf strategiyası” mövcuddur. Bu da növbəti inkişaf mərhələsindəki hədəflərə çatmağa öz töhfəsini verən sənəddir. Yenidənqurma işləri çərçivəsində işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyat dirçələcək. Bu ərazilərə mühüm investisiyalar cəlb olunur ki, bu da dayanıqlı iqtisadiyyatın formalaşdırılması deməkdir. Artıq həmin regionda ağıllı biznes modelləri yaradılacaq.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji konsepsiyası tətbiq olunacaq. Bu da ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirəcək. Azad olunmuş ərazilərdə böyük inkişafın təməlləri atılır.
Bu gün davam edən bərpa-quruculuq işlərində Heydər Əliyev Fondunun da fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Heydər Əliyev Fondu həmin ərazilərdə mədəni irsimizin yenidən dirçəldilməsi uğrunda mübarizə aparır. Böyük Qayıdış üçün zəruri infrastrukturun yaradılması Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirir”.