“Yaxın qohumların nikahından adətən xəstə uşaqların doğulması faktdır“ - KOMİTƏ SƏDRİ BİLDİRDİ

20 İyun 2024 15:56 (UTC+04:00)

“Azərbaycanda doğulan hər on iki uşaqdan biri talassemiya xəstəsidir. Bunun da əsas səbəblərindən biri yaxın qohumların evliliyidir. Ölkədə yaxın qohumların nikahına icazə verilməyəcək. Bu məsələ qanunvericiliklə qadağan ediləcək”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova iyunun 20-də parlamentdə keçirilən “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda birgə ictimai dinləmədə deyib.

Komitə sədri bildirib ki, yaxın qohumların nikahından adətən xəstə uşaqların doğulması faktdır. Onun sözlərinə görə, belə evliliklər fəsadlarla nəticələnir və sağlamlıq baxımından zərərlidir.

Ölkəmizdə bu istiqamətdə aparılan işlərdən, maarifləndirmə tədbirlərindən danışan H.Hüseynova qeyd edib: “Erkən nikahların statistikası göstərir ki, belə qadınlardan olan uşaqların sayı 2011-ci ildə 4392 nəfər təşkil edib. 2022-ci ildə isə bu rəqəm 2011 olub”.