Mingəçevirdəki çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb - FOTOLAR

20 İyun 2024 15:45 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 61 ünvanında yerləşən “Yaşar firması” MMC-yə məxsus bazarın daxilində fəaliyyət göstərən çörək istehsalı müəssisəsində yoxlama həyata keçirilib. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin kobud şəkildə pozulduğu, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı məlum olub. Belə ki, emal zamanı normativ sənədlərin tələblərinə əməl edilmədiyi, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, emal sahəsində yerləşən avadanlıqların yuyulub təmizlənmədiyi, xammalların birbaşa yerdən yığıldığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı müvafiq qərar qəbul olunub.