“Mərkəzi Bankın mövqeyi valyutanın məzənnəsi üçün həlledicidir” - RƏYLƏR

20 İyun 2024 14:35 (UTC+04:00)

“Azərbaycanın tədiyə balansında müsbət saldo davam etdirilir. Makroiqtisadi sabitlik də gücləndirilib. Xüsusən nəzərə alsaq ki, Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı təhdidlərin olmadığını bəyan edib. Eyni zamanda bu bir tərəfdən ölkəyə daxil olan valyuta həcminin çox olmasına, həm də ixracatın həcminin, neftin bazar qiymətinin əvvəlki illərlə müqayisədə aşağı olmasına baxmayaraq qorunub saxlanması ilə əlaqədardır. Bu baxımdan makroiqtisadi stabillik möhkəmlənir, Azərbaycanın dövlət rezervlərində də artımlar var”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Deputat bildirib ki, təbii olaraq manatın məzənnəsi növbəti mərhələdə Mərkəzi Bankın mövqeyindən asılı olacaq: "Çünki Azərbaycan özəl məzənnə rejiminə keçmədiyi üçün Mərkəzi Bankın mövqeyi mühüm önəm daşıyır. Bu mənada mövcud makroiqtisadi stabillik kontekstində Mərkəzi Bank valyuta bazarına intervensiya etmək imkanlarını qoruyub saxlayır. Bütün bunlarla yanaşı təbii ki, Mərkəzi Bankın mövqeyi valyutamızın məzənnəsi üçün həlledici olaraq qalmaqdadır”.

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli fikirlərini bölüşüb: “Ölkəmizdə iqtisadi artım müşahidə olunur, son 5 ayda iqtisadiyyatımız genişlənib. Xüsusən iqtisadiyyatın qeyri-neft sektorunda 7 faizin üzərində artım var, ümum daxili məhsul isə 4 faizin üzərində artım göstərir. Burada isə əsas drayver qeyri-neft sektorudur. Əhalinin nominal gəlirlərində də artım müşahidə olunur. Adambaşına düşən gəlirlər son 5 ayda 4.8 faiz artıb.

2024-cü il üçün devalvasiya gözlənilmir, lakin tədiyə balansında 30 dəfəyə qədər enmə müşahidə olunsa belə, bu da izaholunandır. Çünki qaz gəlirlərində azalma var, idxal artıb”.