Abituriyentlər ixtisas seçimini necə etməlidirlər? - MÜNASİBƏT BİLDİRİLDİ

20 İyun 2024 13:03 (UTC+04:00)

"İxtisas seçimi üçün işlər bir neçə istiqamətdə planlı və ardıcıl formada aparılmalıdır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

O bildirib ki, ilk öncə düzgün ixtisas seçimi üçün abituriyent barədə müfəssəl məlumatlar olmalıdır: "Abituriyent bəzi istedad, qabiliyyət və bacarıqlarını bəzən başqalarından “gizlədə” bilər və ya hələ “kəşf etməmiş” ola bilər. Daha dəqiq desək öz bacarıqlarının fərqində olmaya bilər. Bu səbəbdən ixtisas seçimi aparılarkən abituriyent barədə onun özündən, o cümlədən valideynləri, dostları, sinif yoldaşları və müəllimlərindən məlumatların toplanması seçimin doğru olma ehtimallarını artırar.

Seçim edən zaman onların meyl, maraqları, qabiliyyətləri, həmin ixtisasa həvəsinin olmasının müəyyənləşdirilməsi vacibdir. Seçəcəyi ixtisasın gələcək perspektivdə tələbatlılığı, əmək bazarında aktual ixtisas olması, abituriyentin gələcəkdə işləyəcəyi və yaşayacağı yerdə həmin ixtisasın tələbatlılığının araşdırılması önəmli məsələlərdir. Bundan başqa seçəcəyi ixtisas və peşə üzrə mütəxəssislə söhbət etmək, onun iş gününü müşahidə etmək, ona işin asan və çətin tərəfləri ilə bağlı suallar vermək imkanı yaradılmalıdır. Abituriyent barədə və onun seçəcəyi ixtisaslar barədə nə qədər çox və əhəmiyyətli məlumatlar toplansa ixtisas seçimi bir o qədər dəqiq aparıla bilər.

İxtisas seçimində abituriyentin meyl, maraq, istedad və qabiliyyətlərinin seçəcəyi ixtisasa və peşəyə adekvat olması ixtisas seçiminin əsas ideyası olmalıdır. İxtisas seçimi zamanı seçim zamanı qeyri – peşəkar tövsiyələr, valideynlərin yersiz müdaxilələri yolverilməzdir. İxtisas seçiminin real datalar üzərindən peşəkarlar tərəfindən aparılması daha yaxşı olar. Bir çox inkişaf etmiş ölkələrdə ixtisas seçiminə dəstək verən özəl və ya dövlət tərəfindən karyera məsləhətçiləri və ixtisas bələdçiləri mövcuddur. Karyera planlaması və ixtisas seçimi üçün dünyada məşhur olan Co Harry pəncərəsi kimi klassik metodlar da mövcuddur. Azərbaycanda da karyera məsləhətçiləri institutu formalaşmaqdadır. Ölkəmizdə dövlət ümumtəhsil məktəblərində karyera məsləhəti, ixtisas seçiminə dəstək verən konkret işçi yoxdur. Bu işdə boşluq var. Məktəblərdə karyera məsləhəti, ixtisas seçimi aparacaq konkret ştatın olması zəruridir".