Şəki-Zaqatala Regional Təhsil İdarəsi məktəbdəki yanğınla bağlı məlumat yayıb

20 İyun 2024 10:30 (UTC+04:00)

Şəki-Zaqatala Regional Təhsil İdarəsi Turan qəsəbəsində yerləşən məktəbdəki yanğınla bağlı məlumat yayıb. SİA xəbər verir ki, bu barədə İdarənin sosial media hesabında paylaşım edilib.

İyunun 19-da təxminən saat 23:10 radələrində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki rayonu Turan qəsəbə tam orta məktəbinin həyətində yerləşən istifadəyə yararsız binanın ikinci mərtəbəsində yanğın hadisəsi baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Yanğın ilə bağlı zərər çəkən olmayıb.

Yanğının baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.