Xətası bizdən uzaq olsun deyə, daha dərinə getmirik..?

18 İyun 2024 13:01 (UTC+04:00)

...Əslində bu xəbərlər elə də bir yenilik olmasa da, amma daha çox ötən il, 2023-cü il ərzində media Çeçenistan lideri Ramzan Kadırovun ağır xəstəliyi barədə danışmağa davam etdirib.

Ancaq görünən odur ki, Ramzan, bir müddət səhhətindəki problemləri həll edə bilib.

SİA rusdilli onlayn nəşr olan “Proekt”in geniş araşdırmalarına istinadən Kadırovun həqiqətən də böyrəklərində problemlər olduğunu, lakin o, bu problemi müvəqqəti də olsa həll etdiyini bildirir.

Əslində Kadırovun vəziyyəti ilə bağlı rəsmi şərh yoxdur, lakin bir müddət əvvəl onun ictimai məkandan yoxa çıxması dərhal diqqəti cəlb etmişdi.

...Və bu yaxınlarda Kadırov şişkin halda ictimaiyyət qarşısına çıxsa da, amma çıxışı zamanı elə də aydın danışa bilmirdi.

...Qeyd edilməlidir ki, xəstəlik şayiələri arasında Kadırov varislər hazırlamağa başlayıb.

Hazırda onun ailə üzvləri respublikada bütün yüksək vəzifələrdə çalışırlar. Kadırov onların bəzilərinin hətta 18 yaşının belə olmamasının vecinə deyil.

Maraqlıdır ki, jurnalistlər Kadırovun bu cür qətiyyətli hərəkətlərinə səbəb kimi xəstəliklər olduğunu iddia edirlər. ...Bir müddət bundan əvvəl, aprelin 22-də “Novaya qazeta Europe” Kadırovun səhhəti ilə bağlı geniş araşdırma dərc edib: jurnalistlərin sözlərinə görə, hələ 2019-cu ildə ona pankreas nekrozu diaqnozu qoyulub və 2022-ci ildən sonra onun vəziyyəti ciddi şəkildə pisləşməyə başlayıb.

...Və yeri gəlmişkən, iyunun 17-də Rusiyada müdafiə nazirinin müavinləri Nikolay Pankov, Ruslan Tsalikov, Tatyana Şevtsova və ordu generalı Pavel Popovu işdən çıxarılıblar. Putin onları müdafiə nazirinin müavinləri Anna Tsivileva və Pavel Fradkovu, həmçinin müdafiə nazirinin birinci müavini Leonid Qornini əvəzləyib.

Deməli, Anna Tsivileva Putinin əmisi oğlu, yeni təyin olunmuş energetika naziri Sergey Tsivilevin həyat yoldaşı və Kremlin təşəbbüsü ilə yaradılan Vətən Müdafiəçiləri Fondunun rəhbəridir. O, həmçinin 2019-cu ildə Rusiya Hökuməti yanında Sosial Sferada Qəyyumluq və Qəyyumluq Şurasında çalışıb.

...Pavel Fradkov Rusiyanın keçmiş baş naziri və Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkovun oğludur. Pavel Fradkov 2021-ci ildən Prezident Administrasiyası rəhbərinin birinci müavini, 2012-2015-ci illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyin rəhbərinin müavini, həmçinin Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlıq Departamentində çalışıb.

Leonid Qornin 2018-ci ilin may ayından maliyyə nazirinin birinci müavini, 2012-2018-ci illərdə maliyyə nazirinin müavini, 2010-2011-ci illərdə isə Novosibirsk vilayətinin maliyyə və vergi siyasəti naziri vəzifələrində çalışıb.

...Tsivileva, Fradkov və Qorninin təyinatları Putinin yaxınlarını və digər yüksək vəzifəli məmurların övladlarını Rusiya ictimaiyyətinə tanıtmaq cəhdlərini dəstəkləyir və...

...Hə, burada xətası bizdən uzaq olsun deyə, daha dərinə getmirik, yoxsa...

Əli Babayev