Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıb

13 İyun 2024 18:29 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Ali Neft Məktəbinin (BANM) birgə təşkilatçılığı ilə paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən III Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, idarədən bildirilib ki, mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov üçüncü dəfə keçirilən Bakı Elm Olimpiadası barədə məlumat verib. O bildirib ki, əsas məqsəd şagirdlərin təbiət elmlərinə olan marağını daha da artırmaq, bu sahədə XXI əsr təməl bacarıqlarını təkmilləşdirmək, həmçinin nəzəri biliklərin təcrübədə tətbiqinə və komandada işləmək vərdişlərinin inkişaf etdirilməsinə şərait yaratmaqdan ibarətdir.

İdarənin müdir müavini qeyd edib ki, intellektual, elmi bilik və bacarıqlara sahib yeni nəsil yetişdirmək, olimpiada hərəkatını genişləndirmək Azərbaycan təhsilinin qarşıya qoyduğu ən vacib prioritetlərdəndir.

Daha sonra olimpiadanın qızıl, gümüş və bürünc mükafatçılarına medallar təqdim olunub. Həvəsləndirici yerlərə layiq görülən məktəblilər diplom və hədiyyələrlə təltif ediliblər.

Tədbir 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin üzvlərinin və 23 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə hazırlanan maraqlı kompozisiyalarla davam edib.