Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiyanın rəhbərlik etdiyi altı post-sovet dövlətindən ibarət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq niyyətində olduğunu açıqlayıb. Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq niyyəti barədə açıqlaması regionda geniş əks-səda doğurub. Belə ki, Baş nazir çərşənbə günü parlamentdə bəyan edib ki, onun hökuməti Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın daxil olduğu təhlükəsizlik alyansından çıxacaq.
Qeyd edək ki, Rusiya ilə getdikcə daha çox fikir ayrılığına düşən Ermənistan bundan əvvəl alyansdakı iştirakını dondurmuş, birgə hərbi təlimlərə qoşulmayaraq KTMT sammitlərinə qatılmamışdı. Beləliklə Ermənistanın KTMT-dən tamamilə çıxacağını ilk dəfə bəyan edən Paşinyan dünən parlamentdə keçirdiyi iclasda təfərrüatları danışıb.
Ermənistanın uzun müddət müttəfiqi olan Rusiya ilə münasibətləri Azərbaycanın sentyabr ayında Qarabağ bölgəsində keçirdiyi hərbi əməliyyatlardan sonra pisləşməyə başlayıb. Belə ki, bölgədəki 30 illik erməni separatçı hakimiyyətinə son qoyulmasından sonra ölkə daxilində də Rusiyaya qarşı etirazlar yaranmışdı. Ermənistan rəsmiləri 2020-ci ildəki toqquşmalardan sonra Dağlıq Qarabağa yerləşdirilən Rusiya sülhməramlılarını Azərbaycanın hücumunu dayandıra bilməməkdə də günahlandırmışdı. Ermənistanda hərbi bazası olan Moskva isə bu ittihamları rədd edərək, əsgərlərinin müdaxilə etmək səlahiyyətinin olmadığını bildirmişdi.
Rusiya rəsmiləri isə məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib. Paşinyanın Ermənistanın Qərblə əlaqələrini dərinləşdirmək və ölkəsini Moskvanın dominantlıq etdiyi ittifaqlardan uzaqlaşdırmaq cəhdlərinə qıcıqlanan Rusiya artıq Ermənistandaki təsir dairələrinin zəiflədiyini qəbul edir. Eyni zamanda Ermənistanın, Putini Rusiyanın Ukraynadakı hərəkətləri ilə əlaqəli hərbi cinayətlərdə ittiham edən Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq qərarı Rusiyanı xüsusilə narahat edib. Hazırda üçüncü ildir ki, Ukraynada davam edən münaqişə ilə məşğul olan Kreml, Ermənistanın qərbə doğru yönəlməsindən narahatlığını açıq şəkildə ifadə edib.
Maraqlısı budur ki, Paşinyanın KTMT-dən çıxmaq addımı, dörd sərhəd kəndi Azərbaycana təhvil vermək qərarına görə istefa verməsini tələb edən kütləvi etiraz dalğası ilə üzləşdiyi vaxta təsadüf edir. Görünən odur ki, Ermənistan tərəfi daxili çaxnaşmalarda Rusiyanı təqsirkar görür. Digər bir ehtimala görə isə KTMT-dən çıxmaq işlərini sürətləndirmənin səbəbi diqqəti və çaxnaşmalara görə bütün məsuliyyəti Rusiyanın üzərinə yükləməkdir. Digər tərəfdən Ermənistan daxilindəki siyasi qeyri-müəyyənliklər və sosial gərginlik bizə bu qərarın arxasında duran dinamikanı anlamağa yön versə də kifayət qədər dəqiq fakt sayılmır. Belə ki, Paşinyanın bu addımı ölkədəki siyasi müxalifətin və ictimaiyyətin Rusiyaya qarşı inamsızlığını əks etdirsə də Rusiya ilə gərgin münasibətlər və sosial təzyiqlər arasında əlaqə aydın deyil və daha dərin təhlil tələb edir. Çünki iki ölkə arasındaki münasibətlər vahid komponentlər arasında deyil, kifayət qədər fərqli perspektivlər arasındadır.