“Bu il fevralın 14-də özünün andiçmə mərasimində möhtərəm Prezident yeni dövrdə Azərbaycan Respublikasının prioritetlərini açıqlamış, o cümlədən xarici siyasət kursunun istiqamətləri barədə yol xəritəsini müəyyən etmişdi. Dövlət başçısı yeni periodda əsas xarici siyasət istiqamətinin Türk dünyası olduğunu bəyan etmiş və bildirmişdi ki, “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Sirr deyil ki, bu coğrafiyada Türk dünyası amili - Turan mövzusu müəyyən dövrlərdə istismar edilib, xüsusən AXC-Müsavat hakimiyyəti illərində bu istismar dövlət səviyyəsində həyata keçirilib və ciddi fəsadlara yol açıb. Reallıqda isə müstəqilliyin ilk illərində nəinki Türk dünyası ilə əlaqələr qurula bilməyib, əksinə Türkiyə, Türkmənistan, Özbəkistan kimi dövlətlərlə münasibətlər qeyri-sağlam istiqamətlərə və xoşagəlməz nəticələrə aparıb çıxarmışdı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, yalnız Ulu Öndərin hakimiyyətə gəlişi ilə Türk dünyası ilə münasibətlər müasir mənada qurulmağa və bərqərar olunmağa başladı: “Cənab İlham Əliyev isə Türk dünyasının vahid qüvvə kimi bəşəri dəyərlər uğrunda mübarizə apara biləcək vahid mexanizmə çevrilməsi istiqamətində ciddi təməl formalaşdırdı. İlk dəfə olaraq məhz cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatı COVID-19-la mübarizədə səyləri birləşdirən təsisata çevrildi. Xüsusən Vətən müharibəsi və sonrakı periodlarda başda Türkiyə olmaqla, Türk dünyasının vahid bir yumruq kimi Azərbaycanın ətrafında birləşdiyinə şahidlik etdik. Ayrı-ayrı türk dövlətlərinin liderləri ilə sağlam və qarşılıqlı etimada əsaslanan münasibətləri formalaşdırmaqla cənab İlham Əliyev ölkələr arasında rəsmi təmasların artırılmasına, əlaqələrin dərinləşməsinə tarixin heç bir dövründə olmadığı güclənməsinə nail oldu. Bu gün səmimiyyətlə deyə bilərik ki, Türk dünyası ümummaraq kəsb edən məsələlərdə vahid rakursdan çıxış edir”.
Millət vəkili sözlərinə davam edərək bildirib ki, TÜRKPA-nın 13-cü plenar iclasında qaldırılan məsələlər, səslənən qəti mövqelər də məhz bu prosesin davamı, daha böyük Türk birliyinə doğru addımların real inikasıdır: “İyunun 6-da möhtərəm Prezidentin TÜRKPA-nın nümayəndə heyətini qəbul etməsi zamanı verilən bəyanatlar da göstərir ki, Türk dünyası artıq özünün haqlarını müdafiə edən, əks həmlə ilə mənafelərini lazımi səviyyədə qoruya bilən, aydın mövqeyə malik güc mərkəzinə çevrilib. Cənab İlham Əliyevin də bəyan etdiyi kimi “biz burada yaşayırıq, heç kimin, necə deyərlər, sözü ilə oturub-durmuruq, heç kimə imkan vermirik ki, gəlsin buraya bizim işimizə müdaxilə etsin. Mənə dəymə, mən də sənə dəymərəm. Sən mənə dəyəcəksənsə, onda gözlə, sənin də başın ağrıyacaq”.
Ləman Sərraf