"Milli Qurtuluş Günü müasir Azərbaycanın hərtərəfli inkişafının bünövrəsi kimi tarixdə qalacaq". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
O bildirib ki, Ulu Öndər Heydər Əliyev bir neçə dəfə ölkəmizin taleyüklü məsələlərində liderliyini, uzaqgörənliyini, dahi siyasətçi olduğunu sübut edib: "SSRİ dövründə 15 respublika arasında Azərbaycan ən sonuncu yerləri tuturdu. Qısa vaxt ərzində Heydər Əliyev Respublikamızın birinci katibi oldu. Bütün sahələrdə böyük inkişaf, ikinci mərhələdə 1982-ci ildən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi SSRİ rəhbərliyində təmsil olundu. Yenə də həm SSRİ üçün, həm də doğma Respublikamız üçün çox böyük işlərin görülməsi, üçüncü mərhələdə artıq müstəqil Azərbaycanın ən taleyüklü zamanında daxildə vətəndaş qarşıdurması, kənd, şəhərlərimizin erməni vandalları tərəfindən işğala məruz qalması, iqtisadi çöküş və bu anda xalqın təkidli tələbi ilə Ulu Öndər Bakıya gəlir. O, bu çətinliyi öz üzərinə götürür. Qısa vaxt ərzində vətəndaş qarşıdurmasının qarşısı alınır, stabillik yaranır, atəşkəs elan olunur, ordu quruculuğuna başlanılır, "Əsrin müqaviləsi" imzalanır, iqtisadi irəliləyişlərə nail olunur, indiki zəfərimizin, qələbələrimizin çox uğurlu, dayanıqlı bünövrəsi qoyulmuş olur.
15 iyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin şanlı tarixində əbədi izlər buraxıb. Ulu Öndər Heydər Əliyevin həmin zamanda ölkəmizə rəhbərlik etməsi, 1993-cü ilin oktyabrında Prezident seçilməsi və bundan sonra dayanıqlı və uğurlu inkişafa gedən yolda ölkəmiz uğurla irəliləməyə başladı. Düşünürük ki, gənclər də bu tarixi, zamanı unutmayacaq. Hər bir azərbaycanlı bilməlidir ki, bu dövlətimizi yaradan, quran, ona öndərlik edən Ulu Öndərimiz var. O, Ulu Öndər Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyev böyük azərbaycanlı kimi Azərbaycanın şanlı tarixinə öz adını əbədi olaraq qızıl hərflərlə yazdırmış oldu".