“Azərbaycan Prezidentinin Misirə səfəri növbəti dəfə nümayiş etdirdi ki, iki ölkə arasında münasibətlər kifayət qədər yüksək inkişaf səviyyəsinə çatıb. Ölkə başçısı səsləndirdi ki, tərəflər arasında əməkdaşlıq mövcuddur, inkişaf edir, lakin mövcud vəziyyət bizi qane etmir. Belə ki, daha geniş əməkdaşlıq qurmaq imkanlarının olduğu bildirilib. Eyni zamanda müxtəlif beynəlxalq təşkilatlar, BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanla Misirin çox uğurlu əməkdaşlıq etdiyini, biri-birlərinin maraqlarını nəzərə aldığı vurğulandı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatına dörd il ərzində rəhbərlik etmiş, bu zaman hərəkatın əhəmiyyətli dərəcədə inkişaf etdiyini, yeni struktur elementlərinin formalaşdığını qeyd edib: “Bu mənada Azərbaycanın hərəkata rəhbərliyi ərzində Misirin dəstəyi də vurğulanıb. Bu da Azərbaycanla Misir münasibətlərinin xarakterini göstərən çox mühüm amildir.
Eyni zamanda ölkə Prezidenti Azərbaycanla Misir arasında indiki əməkdaşlığın əsas istiqamətlərinə də toxunaraq, vurğuladı ki, Misir COP27-ə ev sahibliyi edən ölkə olaraq, bu istiqamətdə yaxşı təcrübəsi var və Azərbaycan bu təcrübəni öyrənmək istəyindədir. Müvafiq olaraq sözügedən istiqamətdə əməkdaşlıq edildiyi də bildirildi. Ölkə başçısı Misirin dövlət rəhbərini COP29-da iştirak etmək üçün ölkəmizə dəvət etdi. Ayrıca olaraq mühüm fikirlər sırasında Azərbaycan-Ermənistan münasibətləri yer alır. Ölkə rəhbəri pozitiv tendensiyanın olduğunu vurğuladı. Sözsüz ki, Azərbaycanla Misir arasında əməkdaşlığın daha dinamik inkişafı üçün hökumətlərarası komissiyanın müzakirələrinin əhəmiyyəti də xüsusi olaraq vurğulandı.
Dövlət rəhbərinin Misirə səfər iki ölkə arasındakı münasibətlərin yeni istiqamətini şərtləndirir, həm də imzalanmış yeddi sənədə uyğun olaraq əməkdaşlıq imkanları əhəmiyyətli dərəcə genişləndiriləcək”.